Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir oktyabrın 30-da Mərkəzin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil qadınlar üçün, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında gənclər üçün keçirilib.
"Biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında təşkil olunmuş treninqlərdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir iştirakçılarına, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə ətraflı məlumat verilib.
Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.