...

Bakının Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmini üzrə işlərə başlanılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2013 16:11 (UTC +04:00)
Bakıda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərin əsaslı yenidənqurma işləri aparılır.
Bakının Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmini üzrə işlərə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bakıda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərin əsaslı yenidənqurma işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan "+69 Şərq" və "+110 Şərq" anbar komplekslərində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin davamı olaraq Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmin edilməsi üçün işlərə başlanılıb. Anbarlardan ötürülən suyun həcminin artırılması hesabına Xətai rayonunun əksər hissəsinə artıq 24 saat su verilir. Eyni zamanda, paylayıcı şəbəkədə, çoxmərtəbəli yaşayış binalarında, xüsusən də yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır. Sınaq yoxlamaları başa çatdıqdan və su verilişində stabil rejim tam təmin olunduqdan sonra Xətai rayonundakı istehlakçıların 90 faizindən çoxu 24 saat içməli su alacaq.

Qeyd edək ki, son 10 gündə görülmüş işlərin nəticəsi olaraq rayon sakinlərinin 80 faizindən çoxu fasiləsiz su ilə təchiz olunur. İşlər yekunlaşdıqdan sonra Xətai rayonunun 245 min sakininin 225 min nəfərinə və ya təqribən 92 faizinə 24 saat su veriləcək.

Yeri gəlmişkən, bu işlərlə paralel Xətai rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur. Layihə çərçivəsində binaların zirzəmilərində istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində binaların həyətindən keçməklə yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Eyni zamanda, mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar pilləkən qəfəsələrinə çıxarılmaqla tamamilə yenidən qurulur və hər bir mənzil smart-kart tipli ön ödənişli sayğacla təmin edilir. Bütün bu işlər dövlət vəsaiti hesabına həyata keçirilir, xətlərin dəyişdirilməsi, eləcə də sayğacların quraşdırılması əhali qrupu abunəçiləri üçün pulsuzdur.

İndiyə qədər Xətai rayonunda 46 binada bu işlər tam başa çatdırılıb, 4720 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb. 89 binanın daxili su şəbəkəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanıb və işlərə başlanılıb. Ümumilikdə Xətai rayonu ərazisində 800-dən artıq çoxmənzilli yaşayış binası var və onların hər birində belə layihələr həyata keçiriləcək.

Binadaxili su xətlərinin yenidən quraşdırılması su itkisinin və binaların zirzəmilərinə axan suların qarşısını almağa imkan verib. Dik dayaqların pilləkən qəfəslərinə çıxarılması və sayğaclaşma göstərilən xidmətin asanlaşması, dəqiq uçotun qurulması və nəhayət 100 faiz ödənişin təmin olunması ilə nəticələnib.

"+69 Şərq" və "+110 Şərq" su anbarı komplekslərində həyata keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu fasiləsiz su almaqla yanaşı, buradakı 33 məhəllədaxili nasos stansiyasından 25-nin fəaliyyəti dayandırılıb ki, bu da elektrik enerjisinə qənaət deməkdir.

"Azərsu" ASC abunəçilərdən xahiş edir ki, Xətai rayonu ərazisində 24 saatlıq rejimə keçidlə əlaqədar binadaxili xətlərdə axıntı ilə rastlaşdıqda, hər hansı mənzildə suyun təzyiqi aşağı olduqda və ya yuxarı mərtəbələrə su qalxmadıqda Zəng Mərkəzinə (955 nömrəsinə) müraciət etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti