Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/
"28 May" metrostansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlanma işlərinə başlanılıb.
Trend-in Bakı Metropoliteninin rəsmi saytına istinadən verdiyi məlumata görə, platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır, eyni zamanda, dizayn işlərində texniki vasitələrdən istifadə olunur.
Vestibüldə və platofrmada divar və döşəmənin mərmər və qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb.
Məlumatda deyilir ki, müəyyən çətinlik döşəmə təbəqəsi vurularkən yaranmışdı: "Çünki sərnişinlərin stansiyadan istifadə etməsi məhdudlaşdırılmadı. Bununla belə, çətinliklər müvəqqəti oldu və tədbirlər planına uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalandı, bununla sürüşkənlik aradan qaldırıldı, həm də səthin hamarlığı təmin edildi".
Son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək.
Günbəz formalı çıxışın üzərində "dartma tavan" adlandırılan forma yenidən yığılıb. Xüsusi parça materialdan üzləmə ilə tavana ahəngdar mozaiklik effekti verilib, çilçıraq işıqlandırmasının təsiri artıb.
Yeni konstruksiyanın fasadının vitraj şüşələrlə əhatələnməsi təbii işıqlandırma və genişlik effektinə təsir edən əsas vasitəyə çevrilməklə yanaşı, həm də stansiya girişinin görkəmini dəyişib.
Fasadda xüsusi işıqlandırma sistemi tətbiq olunacaq. Burada rənglərin geniş çaları və axıcılığı stansiya girişinin görkəmini xüsusi edəcək.
Məlumatda deyilir ki, stansiyanın əsas girişinin və vestibülünün yenidən qurulması çərçivəsində ümumilikdə işin 95 faizi başa çatdırılıb.