Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Kürdəmirdə bu ilin ilk "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfransı təşkil edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.
Xidmətin rəis müavini Araz Əliyev konfransı giriş sözü ilə açaraq, Azərbaycanda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq əhalinin etibarlı sosial müdafiəsinin təmin olunduğunu, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığını, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığını qeyd edib. Bu isə istehlak bazarında canlanmaya səbəb olub, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatını keyfiyyətcə dəyişdirib və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən A.Əliyev ötən 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.
İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Araz Əliyev hər il olduğu kimi, ötən 2013-cü ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirib, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd edib.
2013-cü il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Xidmət rəisinin müavini tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunmasına dair müxtəlif mövzularda məruzələri dinlənilib. Çıxış edənlər təbliğat-təşviqat və maarifləndirmə işlərinin mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayıb, istehlakçıları isə öz hüquqlarının müdafiəsində fəal olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq etməyə, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət ediblər.
Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.