Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Əliyev/
Azərbaycan gömrüyü 2014-cü ilin dövlət büdcəsinə ödənişlər üzrə proqnozu yerinə yetirəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, 2013-cü ildə milli iqtisadiyyatın və bütün ölkənin inkişafı Azərbaycanın gömrük sisteminin inkişafını da təmin edib: "Hər il büdcə ödənişləri üzrə proqnoz artıqlaması ilə yerinə yetirilir. Bununla da Gömrük Komitəsi ölkənin iqtisadi təhlükəsizliyini yüksək səviyyədə təmin edir".
S.Mehdiyev qeyd edib ki, bu baxımdan 2013-cü il də istisna təşkil etməyib: "149 ölkə Azərbaycanın xarici ticarət tərəfdaşı olub, 13,3 milyard dollar həcmində müsbət ticari saldo formalaşdırılıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 34,7 milyard dollara çatıb. Ölkə büdcəsinə ödənişlər üzrə proqnoz Gömrük Komitəsi üçün 1,38 milyard manat səviyyəsində müəyyən olunub və 100,2 faiz yerinə yetirilib. 2013-cü ildə dövlət büdcəsinə gömrük rusum və aksizlərin ödənişindən əldə edilmiş 1,383 milyard manat vəsait köçürülüb".
Sədr müavini bildirib ki, müvafiq büdcə proqnozu cari ildə də artırılıb: "Qarşımıza 1,52 milyard manat həcmində daxilolmaları təmin etmək tapşırığı qoyulub. Dövlət büdcəsinə ödənişlər üzrə proqnoz ötən ilin analoji tapşırığı ilə müqayisədə təqribən 10 faiz artıb. Əminəm ki, bu proqnoz uğurla icra ediləcək".