...

Sevinc Həsənova: Azərbaycanda kənd təsərrüfatı istehsalı həcmlərinin çox hissəsini özəl sektor təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2014 14:03 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı istehsalının təqribən bütün həcmləri özəl sektor tərəfindən təmin edilir.
Sevinc Həsənova: Azərbaycanda kənd təsərrüfatı istehsalı həcmlərinin çox hissəsini özəl sektor təmin edir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Əliyev/

Azərbaycanda kənd təsərrüfatı istehsalının təqribən bütün həcmləri özəl sektor tərəfindən təmin edilir. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda aqrar sahədə istehsalın əhəmiyyətli artımı sovet dövründən fərqli olaraq, özəl sahibkarların səyləri sayəsində əldə olunub: "Hazırda özəl sektor ölkədə kənd təsərrüfatı istehsalının təxminən 100 faizini təmin edir".

S.Həsənova qeyd edib ki, kənd təsərrüfatı mürəkkəb dünya iqtisadiyyatı şəraitində artım nümayiş etdirməyə davam edən azsaylı sektorlardan biri oldu: "FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, 2050-ci ildə qida məhsullarının qlobal istehlakı 2006-cı illə müqayisədə 70 faiz artacaq. Bu, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsini daha da aktual edir. Bu problemin həlli ən vacib məsələlərdən biridir".

O əlavə edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biridir: "Bu sahədə 2001-ci ildən ölkədə həyata keçirilən dövlət proqramları kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artmasında və əhalinin təminat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadı".

Nazir müavini bildirib ki, gündəlikdəki məsələlər yerli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının inkişafıdır: "Bununla əlaqədar olaraq aqrar-sənaye kompleksi yeni iş yerlərinin yaradılması vasitəsi və əhalinin gəlirlərinin artırılması aləti kimi həlledici rol oynayacaq. Azərbaycan hökuməti kənd təsərrüfatı istehsalçılarına hər cür dəstək göstərir. Bu dəstək Sahibkarlığa Kömək Milli Fondunun xətti üzrə güzəştli kreditlərin verilməsi və kənd təsərrüfatı texnikasının güzəştli lizinqi mexanizmləri, eləcə də vergi tətilləri və digər vasitələrlə göstərilir".

S.Həsənovanın sözlərinə görə, ölkənin aqrar-sənaye kompleksinin gələcək inkişafının prioritetlərindən biri Azərbaycanın ixrac potensialının genişləndirilməsidir: "Bunun üçün ölkə daxilində və xaricində iri logistik mərkəzlər yaradılır. Biz həmçinin analoji obyektlərin MDB ölkələri, məsələn, Rusiyada tikilməsini təklif edirik. Bu layihələr FAO və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların da dəstəyini qazana bilər".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,9 faiz artaraq 5244,6 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti