...

Bakıda ”Microsoft” İnnovasiya Günü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 13:07 (UTC +04:00)
“Microsoft Azerbaijan” şirkəti Bakıda ənənəvi “Microsoft Innovation Day” (“Microsoft” İnnovasiya Günü) keçirib.
Bakıda ”Microsoft” İnnovasiya Günü keçirilib

Azərbaycan, Bakı, 13 mart /Trend/

"Microsoft Azerbaijan" şirkəti Bakıda ənənəvi "Microsoft Innovation Day" ("Microsoft" İnnovasiya Günü) keçirib.

Bu il "Microsoft" İnnovasiya Günü korporasiyanın "Cihazlar və Xidmətlər" strategiyasına həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edib.

"Microsoft" əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə "Microsoft Azerbaijan" və "Technet.az"ın nümayəndələri Emin Axundov və Araz Əyyubov bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, "Windows" əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdiriblər, "Outlook.com", "OneDrive", "Office Online" və "Office 365" kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışıblar.

"Microsoft" İnnovasiya Gününün ikinci hissəsi çərçivəsində "Windows Azure" bulud platforması təqdim olunub.

Tədbirdə çıxış edən "Microsoft Azerbaijan" şirkətinin nümayəndəsi Qaçay Mirzəyev və "Microsoft" Certified Trainer Fərhad Kərimov "Windows Azure"un üstünlükləri barədə danışıblar. Bildirib ki, bu xidmət əsasən ictimai buluddan istifadə etmək üçündür və sözügedən xidmətdən autentifikasiya, virtuallaşdırma, idarəetmə, proqlamlaşdırma və s. proseslərdə effektiv istifadə olunur və bir çox unikal üstünlüklərə malikdir. "Windows Azure"dan istifadə əlverişli və səmərəli qiymətə başa gəldiyini qeyd edən Q.Mirzəyev, həmçinin əlavə edib ki, bu bulud xidmətində müxtəlif virtual texnologiyalardan istfadə etmək olar.

"Hazırda dünyada bir çox şirkətlərin bulud strategiyası mövcuddur ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər də öz bulud strategiyasını qurmalıdır və onlar bizim bu xidmətdən istifadə edərək, işlərini professionallara həvalə etmiş olarlar. Statistika onu göstərir ki, hazırda şirkətlərdə saxlanılan məlumatların yalnız 10%-dən istifadə olunur, 90%-i isə hazırda istifadə olunmayan məlumatlardır və bunlar serverdə əlavə yer tutur. "Windows Azure" hər hansı bir şirkətin vaxtına qənaət edərək, fəaliyyətinin effektivliyini artıracaq", - deyə Q.Mirzəyev bildirib.

Tədbirdə həmçinin, "Windows Azure" üzərində ehtiyat nüsxələmə funksiyası, virtual maşın yaradılması və s. nümayiş etdirilib. "Microsoft" İnnovasiya Günü çərçivəsində tədbir iştirakçıları təqdim olunan cihazları sınaqdan keçirə biliblər.

Qeyd edək ki, "Microsoft Innovation Day" - "Microsoft" Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti