Azərbaycan, Bakı, 18 mart /Trend/
Bu gün Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə "Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər" mövzusunda növbəti tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 200-ə yaxın sahibkar iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilməsi, idxal-ixrac əməliyyatları, müəssisələrin bağlanması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilib. Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası, həyata keçiriləcək tədbirlər Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən iqtisadi sahədə hazırlanan hesabatlarda da ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaq.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çıxışında son illər Gəncədə sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, Gəncə-Qazax iqtisadi rayonunda özəl bölmənin dinamik inkişafı və dövlət dəstəyi hesabına yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Bildirilib ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman hər bir bölgədə olduğu kimi, Gəncədə də sahibkarlığın sürətli inkişafına zəmin yaradacaq.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Afina Babayeva Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd edib, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini deyib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib, fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev isə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev sahibkarların hüquq və maraqlarının müdafiəsi, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Rüfət Oruclu isə sahibkarların hesabatlarının elektron qaydada verilməsi barədə məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.