Azərbaycan, Bakı, 27 mart /Trend/
Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans Biləsuvarda təşkil edilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak etmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin rəis müavini Araz Əliyev Azərbaycanda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq əhalinin maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığını, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığını qeyd etmişdir. Bu isə istehlak bazarında insanların müxtəlif mallara, xidmətlərə olan tələbatını keyfiyyətcə dəyişdirmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışlar.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən A.Əliyev hər il olduğu kimi, ötən 2013-cü ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirmiş, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında yayılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd etmişdir. 2013-cü il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu sahədə tədbirlər hazırda da davam etdirilir.
Tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verilmişdir.
Ötən ildə maafirləndirmə tədbirləri ilə yanaşı, istehlak bazarına nəzarət tədbirləri də həyata keçirilmiş, mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edimişdir.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının müdafiəsinə dair məruzələri dinlənilmiş, tədbir iştirakçılarına istehlakçı hüquqları barədə geniş məlumat verilmişdir.
Çıxışlarda, həmçinin maarifləndirmə işlərinin mühüm əhəmiyyəti bir daha vurğulanmış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmək tövsiyə edilmişdir. Bildirilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.