Azərbaycan, Bakı, 6 may /Trend/
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniya Federativ Respublikasında səfərdə olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfər nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunda olan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı olaraq, bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib.
Səfərin ilk günü nümayəndə heyəti Almaniyanın Köln şəhərindəki Enerji, Tekstil, Elektrik, Mətbuat sahələri üzrə Peşə Assosiasiyasının (BG ETEM) direktoru Yens Yülinq, Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) Beynəlxalq əlaqələr şöbəsinin direktoru Qreqor Kemper və laboratoriyanın digər əməkdaşları ilə rəsmi görüş keçiriblər. Görüşdə BG ETEM-in fəaliyyət dairəsi barədə geniş məlumat əldə olunub, həmçinin Assosiasiyanın sığorta fəaliyyəti, bədbəxt hadisələrin qarşısının alınması üzrə qabaqlayıcı tədbirləri barədə nümayəndə heyətimizə ətraflı məlumatlar verilib.
BG ETEM-in bir sıra test laboratoriyalarının fəaliyyət mexanizmi ilə tanış olan nümayəndə heyəti DGUV-nin baş direktoru Yoahim Broerlə də görüşüb. Görüşdə təşkilatın nəzdindəki Xəstəliklərin Qarşısının Alınması və İstehsalat Təbabəti, Əməyin Mühafizəsi, Əmək və Sağlamlıq institutlarının, Peşə assosiasiyalarının fəaliyyəti haqqında məlumatlar əldə olunub. Nazir müavini İ.İsayev qarşılıqlı əməkdaşlığın yüksək qiymətləndirildiyini və əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
İ.İsayev çıxışında Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyalarının fəaliyyətinin qarşılıqlı əməkdaşlıq şəraitində yenidən təşkil edilməsi və gücləndirilməsi ilə bağlı kömək göstərilməsi məsələsini qaldırıb və qarşı tərəf bu təklifi qəbul edib. Y.Broer də öz növbəsində, ƏƏSMN ilə əməkdaşlığı yüksək dəyərləndirib. Tərəflər razılığa gəliblər ki, gələcəkdə əməkdaşlığı daha geniş və səmərəli inkişaf etdirmək üçün razılaşdırılmış proqram əsasında fəaliyyət göstərsinlər.
Əməyin Mühafizəsi İnstitutunun direktor müavini Rolf Elleqastla görüşdə isə nümayəndə heyətimiz institutda həyata keçirilən layihələr, iş yerlərində fiziki və kimyəvi amillərin, bioloji maddələrin təsiri, məhsulların və avadanlığın təhlükəsizliyi və s. məsələlər üzrə aparılan elmi araşdırmalar və tədqiqatlarla tanış olub.
Səfər zamanı nümayəndə heyəti Nürnberq şəhərində İnşaat sahəsində Assosiasiyanın Təhlükəsizlik üzrə Praktiki Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Tanışlıq zamanı tikinti sahəsində tətbiq edilən fərdi və kollektiv mühafizə vasitələri, əl əməyinin azaldılmasına, işçilərin əməyinin yüngülləşməsinə kömək edən avadanlıqlar, ləvazimatlar, qoruyucu çəpərlər, eləcə də tikintidə istifadə edilən alətlərdən təhlükəsiz istifadə qaydaları barədə əyani formada məlumatlar verilib.
Keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi normalarına uyğunluğun ölçülməsi üçün xüsusi laboratoriyaların yaradılmasında, onların müvafiq avadanlıqlarla təchiz olunmasında Almaniya ilə gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.