...

Gəncənin su və kanalizasiya xətləri yenilənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2014 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Ötən ilin avqust ayından Gəncənin su-kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. Artıq şəhərə gələcək 3 mənbədən Göygöl, Qızılqaya və Şəmkir su qurğularında işlər yekunlaşıb. Hazırda şəhərdə prospekt və küçələrin su-kanalizasiya xətləri yenilənir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Almaniya İnkişaf Bankı ilə Azərbaycan hökumətinin birgə layihəsi əsasında Gəncənin içməli su ilə təminatı və kanalizasiya sisteminin yenilənməsi davam edir. 3 mərhələdə həyata keçirilən işlərin ilkin mərhələsində şəhərdə suötürücü qurğuların reabilitasiyasi və yenidən qurulması prosesi başa çatıb. İkinci mərhələ şəhərdaxili su və kanalizasiya xətlərinin yenilənməsini nəzərdə tutur ki, bu işlər də artıq bəzi prospekt və küçələrdə yekunlaşıb.

Şəhərin Əziz Əliyev prospektində yaşayan abonentlərin də su və kanalizasiya xətləri yenilənir. Artıq prospektdə aparılan işin 60 faizi başa çatıb.

"Gəncə Su Kanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi Bəxtiyar Məmişov bildirib ki, hazırda Dədə Qorqud, Tağı Arani və Nəriman Nərimanov prospektlərində böyük işlər görülüb, layihə başa çatıb: "Smart-kart tipli sayğaclar quraşdırılıb, abonentlərin su və kanalizasiya xətləri yenilənib və əla vəziyyətdə istifadəyə verilib. Hazırda Əli Nəzmi küçəsində ekspres layihə olaraq yenidən işlərə başlanılıb, Əziz Əliyev, Yuxarı Gülüstan, Qələbə, Vahid Bayramov, Şəhriyar küçələrində böyük işlər gedir. Layihə yaxın vaxtlarda başa çatacaq, su və kanalizasiya xətləri yenisi ilə əvəz olunacaq və abonentlər keyfiyyətli su ilə təmin olunacaq".

Şəhərin daxilində su və kanalizasiya xətlərinin yenilənməsi yekunlaşdıqdan sonra çirkab suların təmizlənməsi üçün müasir təmizləmə qurğusu quraşdırılacaq. Gəncənin su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin nə vaxt yekunlaşacağı dəqiq bəlli olmasa da, proses əhalinin fasiləsiz və keyfiyyətli su ilə təmin olunmasına hesablanıb. Dəyəri 125 milyon dollar olan layihə çərçivəsində 61 min abonentdən 5 mininin mənzilində smart-kart tipli sayğaclar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti