...

İran nümayəndə heyəti Azərbaycanda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2014 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında olan qonaqlara bildirilmişdir ki, Sənaye Parkı 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında yaradılmışdır. Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 ha sahə ayrılıb. SKSP ölkəmizdə qeyri-neft sənayesinin inkişafına, yerli və xarici investisiyaların cəlb edilməsinə və yeni rəqabətqabiliyyətli məhsul istehsalına töhfəsini verəcəkdir. Qonaqlara SKSP-də investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə də ətraflı məlumat verilmişdir.

Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara bildirilmişdir ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilmiş, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanmışdır.
İran nümayəndə heyəti həmçinin, "Gilan" Tekstil Parkında olmuşdur.

Məlumat verilmişdir ki, Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. "Gilan" Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulmuşdur. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur.

Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti