Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Emin Əliyev/
Azərbaycan və İran iki yeni aviareysin açılması məsələsini öyrənmək niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan və İran arasında İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunları üzrə imzalanmış protokolda deyilir.
Protokolda bildirilir: "Tərəflər Naxçıvan-Tehran-Naxçıvan və Məşhəd-Bakı-Məşhəd marşrutları üzrə aviareyslərin açılması məsələsini müzakirə edirlər. Bundan sonra araşdırmaların nəticələri haqqında məlumat mübadiləsi aparacaqlar".
Hazırda ölkələr arasında uçuşlar Bakı-Tehran və Bakı-Təbriz marşrutları üzrə həyata keçirilir.
Bundan başqa, İran tərəfi Azərbaycana Culfa (Azərbaycan)-Culfa (İran) sərhədində piyada və avtomobil körpüsünün layihəsi üzrə layihə və smeta sənədlərini təqdim edəcək.
Sənəddə deyilir: "İran, həmçinin Azərbaycan ərazisindən Şahtaxtı-Poldəşt sərhəd-buraxılış məntəqəsindən minik və yük maşınlarının tranziti üçün icazə məsələsinə də baxacaq".
Bununla yanaşı, tərəflər Astara gömrük məntəqəsində Azərbaycanın yük maşınlarının boşaldılması ilə bağlı problemlərin həlli ilə bağlı razılığa gəliblər.