...

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC Rusiyanın “Elekrtostal Ağır Maşınqayırma Zavodu” ASC ilə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2014 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov Rusiya Federasiyasının Elektrostal şəhərində işgüzar səfərdə olub.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-dən Trend-ə bildiriblər ki, səfər çərçivəsində Sədr Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC-nin baş direktoru V.S.Zarudniy və icraçı direktoru V.V. Rasskazov ilə görüşüb.

Görüşdə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC, onun potensial imkanları haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, kompleksin lahiyələndirilməsi və tikintisi istiqamətində mühüm işlər görülür. Sonra sədr "Elektrostal" zavodu ilə tanış olub, ona zavodun mövcud imkanları və perspektivləri haqqında məlumat verilib.

Səfər zamanı, həmçinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tikintisi layihəsi çərçivəsində mümkün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib və iyulun 24-də Memorandum imzalanıb.

Memorandum "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC-nin "Azərbaycan Polad İstehsalı Kompleksi"nin lahiyələndirilməsinin gələcək potensial tərəfdaşı niyyətini ifadə edir. Lahiyənin icrası ilə bağlı gələcəkdə müqavilələr bağlanması nəzərdə tutulur.

Samir Cəfərov səfər çərçivəsində İtaliyanın "ATS" şirkətinin baş icraçı direktoru Raffaele Calligaro Ceo, "ATS" şirkətinin Rusiya nümayəndəliyinin direktoru V.Yeqorov və "Elektrostal" metallurgiya zavodunun baş direktoru V.E.Şilnikov ilə görüşüb. Görüşlərdə metallurgiyanın bu günkü inkişafı və "Azərbaycan Polad İstehsalı Kompleksi " haqqında fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC ilə imzalanmış memorandum çərçivəsində geoloq və mühəndislərdən ibarət işçi qrup iyulun 27-də Azərbaycana ezam olunub. İşçi qrup hazırda "Azərbaycan Polad İstehsalı Kompleksi"nin struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC-də araşdırma işlərinə başlayıb.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti avqustun 6-9-u tarixlərində də Rusiya Federasiyasında işgüzar səfərdə olub.

Avqustun 6-da Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC ilə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC arasında müqavilə imzalanıb. Müqaviləni "Daşkəsən Filizsaflaşdırma" ASC-nin sədri Ə.Sadıqov və Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC-nin baş direktoru V.S.Zarudniy imzalayıb. Müqaviləyə əsasən, sözügedən şirkətdən "Daşkəsən Filizsaflaşdırma" ASC-də istehsal prosesində istifadə olunacaq müasir avadanlıqlar və ehtiyat hissələri alınacaq. Müqavilədə nəzərdə tutulan işlər 2015-ci il yanvarın 1-ə qədər həyata keçirilməlidir. Alınacaq avadanlıqların köməyi ilə kombinatda olan istehsal prosesləri müasirləşdiriləcək. Dəmir filizi konsentratının tərkibinin keyfiyyəti 60%-dən 66-67%-ə qədər yüksələcək, eyni zamanda istehsal gücünü da artıracaq. Bu da 2015-ci ildə kombinatın məhsullarının Avropa bazarına çıxarılmasına imkan verəcək.

Səfər çərçivəsində həmçinin "Metalloinvest" şirkətinin Belqorod vilayətinin Qubkin və Oskolsk şəhərində yerləşən "Lebedinskiy" Filizsaflaşdırma Kombinatının və "Oskolskiy Elektrik Metallurgiya Kombinatı"nın rəhbərliyi və kollektivi ilə görüşlər keçirilmişdir. Müəssisənin rəhbərliyi nümayəndə heyətini istehsal prosesi ilə yaxından tanış etmişdir.

Məlumat üçün qeyd edək ki, bu müəssisələrdən "Lebedinskiy" Filizsaflaşdırma Rusiyanın ən böyük kombinatıdır. Bu iki müəssisədə birbaşa reduksiya üsulu ilə ildə 5 milyon ton dəmir istehsal olunur və hal hazırda istehsal gücü 1,8 milyon ton olan yeni Midrex Qurğusu qurulur.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tikintisi layihəsi çərçivəsində mümkün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bu kombinatların təcrübəsindən faydalanmaq məqsədəuyğun hesab edilir. Burada çalışan kadr potensialı da diqqət çəkir. Gələcəkdə kadrların burada təcrübə keçməsi üçün lazımı işlər görülməsi planlaşdırılır.







Məqalədə:
Xəbər lenti

Xəbər lenti