Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/
"Bakı 2015" I Avropa Oyunlarının başlamasınadək nəqliyyat sektorunda həlli nəzərdə tutulan məsələlər müəyyən edilmiş vaxtda həll olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə əsasən, bu idman yarışı çərçivəsində görülməsi nəzərdə tutulan iş proqramı böyükdür və geniş spektrı əhatə edir. Belə ki, proqram çərçivəsində işlər yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasını, idman obyektləri zonasında parkinqlərin yaradılmasını, həmin zonalarda ictimai nəqliyyatın təminatı məsələlərinin həll edilməsini, paytaxtın ətraf ərazilərində regionlardan gələn avtomobillər üçün nəzərdə tutulmuş parkinqlərin yaradılmasını və bir sıra başqa məsələləri əhatə edir.
Qeyd ediək ki, Bakıda I Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.