...

Bakı Fond Birjası ilə FOREX-ə qoşulmağın üstünlüyü

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Qərb ölkələrində bankların gəlir götürdüyü baza biznes spektri Azərbaycandakı banklarla müqayisədə kifayət qədər genişdir. Azərbaycanda banklar daha çox depozit və kredit münasibətləri və bu münasibətlər üzərində qurulan əlavə məhsullardan istifadə etməklə gəlirliliyi formalaşdırırlar. Bu isə öz növbəsində gəlirlərin formalaşma mənbəyinin dar çərçivədə olmasından irəli gələn risklər yaradır. Bu riskləri azaltmağın birinci yolu məhsul baza və növünü şaxələndirməklə, gəlir mənbələrinin diversifikasiyasıdır. Belə bir vəziyyətdə, son dövrlər qiymətli kağızlar bazarında gedən sürətli inkişafı nəzərə alaraq FOREX, əlavə gəlir mənbəyi kimi çıxış edə bilər.

İndi Azərbaycan banklarının müştərilərinə FOREX xidmətini təklif etməsi üçün xarici brokerlərə üz tutmasına ehtiyac yoxdur. Bakı Fond Birjasının təşkilatçılığı, Milli Depozit Mərkəzinin hesablaşma agenti və InvestAZ şirkətinin likvidlik təminatı kimi çıxış etməsi ilə FOREX bazarı ölkəmizdə də etibarlı sərmayə yatırıla bilinəcək bir bazara çevrilmişdir. Şəffaf və etibarlı hesablaşmalar və icra mexanizmi ilə müştərilərinə FOREX bazarında xidmət vermək istəyən təşkilatlar Bakı Fond Birjasına müraciət edə bilərlər. Maliyyə alətlərinin gündəlik həcmlərinin düzgün, gecikməsiz və şəffaf şəkildə icra olunmasını isə Bakı Fond Birjasının market-meykeri olan InvestAZ şirkəti təmin edir.

Bakı Fond Birjasının Azərbaycanda FOREX bazarının təşkilatçısı kimi çıxış etmək prosesi də sadədir. FOREX ticarəti üzrə xidmət göstərmək istəyən maliyyə təşkilatları, Bakı Fond Birjasının ticarət platformasını əldə etməklə, həmin platformanı birbaşa öz müştərilərinə təklif edə bilərlər.

Bankların Bakı Fond Birjasından əldə etdiyi ticarət platformasında bütün verilən tapşırıqlar birjanın daxilində həyata keçirilir.

Əməliyyatların gündəlik likvidliyini isə Bakı Fond Birjasının market meykeri olan InvestAZ şirkəti təmin edir.

Bakı Fond Birjasının ticarət platformasını əldə etməyin banklar üçün bir neçə üstünlükləri vardır. Bunlardan birincisi likvidlik təminatçısı və ticarətin təşkilatçısı ilə bank arasındakı münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsidir. Bank xarici ölkədə yerləşən və Azərbaycan qanunvericiliyi ilə tənzimlənməyən broker təşkilatı ilə işlədikdə, müştərinin maliyyə alətləri üzrə apardıqları əməliyyatlar xarici brokerin yerləşdiyi ölkədə həyata keçirilir. Mübahisəli məqamlar yarandığı təqdirdə isə mübahisə həmin ölkənin qanunvericiliyi çərçivəsində həll edilir. Bu isə o deməkdir ki, bankın xarici ölkənin qanunlarını tam bilməməsi, müqavilə formasını tam dərk etməməsi, hüquq və vəzifələrini tam təyin etmə bacarığının olmaması riski çox böyükdür və bu, həmən qurumlara maddi ziyan şəklində geri qayıdır. Bundan başqa, bank xarici ölkədə yerləşən broker şirkəti ilə əməkdaşlıq etdikdə, FOREX bazarında əməliyyat aparan azərbaycanlı sərmayəçilərin vəsaitləri xaricdə yerləşən maliyyə təşkilatlarında saxlanılır. Bakı Fond Birjasında təşkil olunan bütün hesablaşmalar isə dövlət zəmanəti altında Milli Depozit Mərkəzində aparılır. Bu da FOREX iştirakçılarının əməliyyatlarının şəffaflığının və etibarlılığının daha yaxşı təmin olunması deməkdir.

FOREX bazarı haqqında müştərilərə tədris vermək, onları risklər haqqında düzgün məlumatlandırmaq böyük əhəmiyyətə malikdir. Bu sahədə illərə söykənən təcrübəyə malik, ölkənin FOREX bazarında ən qabaqcıl texnologiyaların tətbiqinə hakim olan təlimçilərə malik InvestAZ şirkəti geniş tədris imkanları təklif edir. FOREX-lə bağlı suallara ətraflı cavab almaq istəyənlər isə şirkətin Telefon Məlumat Mərkəzinə *1234 qısa nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
FOREX xidmətini banklar üçün sərfəli edən digər bir imkan isə onların geniş filal şəbəkəsinə malik olmalarıdır. Belə bir imkana malik banklar insanların rahat bir şəkildə bankların filial və şöbələrinə yaxınlaşaraq FOREX hesabı açdırmaları təmin edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti