Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes forum və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir.
Ölkə iqtisadiyyatı barədə məlumat verən Azərbaycanın iqtisadiyyat və sənaye naziri kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, bu sahəsinin inkişafı istiqamətində sistemli dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndiyini bildirib. Hazırda bir sıra rəqabətqabiliyyətli Azərbaycan məhsulları xarici bazarlara ixrac olunur.
Polşanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edən Ş.Mustafayev heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlıq, Azərbaycan məhsullarının Polşa bazarına ixracı, iri təsərrüfatların və aqroparkların yaradılmasında Polşa təcrübəsinin əhəmiyyətini vurğulayıb. Aqrar sahədə geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran nazir iş adamları arasında görüşlərin keçirilməsinin işgüzar əlaqələrin genişləndirilməsində faydalı olacağını vurğulayıb.
Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri M.Savitski səmimi qəbula görə təşəkkür edib, Polşanın kənd təsərrüfatı və bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
O bildirib ki, Azərbaycan və Polşa arasında kənd təsərrüfatının emal, damazlıq sahələrində, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Görüşdə mövcud iqtisadi əlaqələrə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.