Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Azad Həsənli/
Dünya Bankının (DB) icmal missiyası "Məhkəmə xidmətləri və "ağıllı" infrastruktur" layihəsinin həyata keçirilməsinin gedişi ilə tanış olmaq üçün Bakıya gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə DB-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.
Nümayəndəlikdən deyiblər ki, səfər dekabrın 2-dən 7-dək davam edəcək: "Missiyaya dövlət sektorlarının idarə olunması üzrə aparıcı mütəxəssis Amitabha Muxerci rəhbərlik edir".
Oktyabrda Azərbaycan hökuməti və Dünya Bankı "Məhkəmə xidmətləri və "ağıllı" infrastruktur" (JSSIP) layihəsi üzrə kredit sazişi imzalayıblar. Bu layihənin maliyyələşdirilməsi üçün 2014-cü ilin yayında DB Direktorlar Şurası 100 milyon dollar məbləğində kreditin ayrılmasını bəyənib.
JSSIP layihəsində Azərbaycan hökumətinin iştirak payı 100 milyon dollar təşkil edir. Layihənin 2018-ci il dekabrın 31-dək reallaşdırılması planlaşdırılıb.
Layihə məhkəmə infrastrukturunun dəstəklənməsi yolu ilə bu yenilənmə prosesinə, elektron xidmətlərin inkişafına, mübahisələrin həllinin və biznes yoxlamalarının daha effektiv sisteminin qurulmasına, məhkəmə sisteminin şəffaflığının yüksəlməsinə, vətəndaşlara, xüsusilə əhalinin spesifik təbəqələrinə, məsələn, məcburi köçkünlərə və Azərbaycanın ucqar regionlarının sakinlərinə hüquqi köməyin göstərilməsi üzrə xidmətlərin keyfiyyətinin artırılmasına kömək edəcək.