...

Bakı Fond Birjası depozitar və klirinq xidmətlərini dayandırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2015 16:22 (UTC +04:00)
2015-ci il yanvarın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Bakı Fond Birjası” QSC-nin müraciətinə əsasən Cəmiyyətə depozitar və klirinq fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib.
Bakı Fond Birjası depozitar və klirinq xidmətlərini dayandırdı

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

2015-ci il yanvarın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Bakı Fond Birjası" QSC-nin müraciətinə əsasən Cəmiyyətə depozitar və klirinq fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata əsasən, 2013-cü ilin sentyabr ayından etibarən dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi "Bakı Fond Birjası" QSC-dən "Milli Depozit Mərkəzi" QSC-yə keçib.

Bu proseslər Azərbaycan Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulan strateji xəttə uyğun həyata keçirilib. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılıb.

Nəticədə qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 1 fond birjası və 1 klirinq fəaliyyəti, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti