...

Azərbaycan Dünya Bankı ilə sənaye parkları və rəqabətlilik mövzusunu müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2015 18:24 (UTC +04:00)
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin və Dünya Bankının birgə təşkilatçılığı ilə Azərbaycanın sənaye parkları və rəqabətlilik mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycan Dünya Bankı ilə sənaye parkları və rəqabətlilik mövzusunu müzakirə edib

Azərbaycan, Bakı, 11 mart /Trend/

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin və Dünya Bankının birgə təşkilatçılığı ilə Azərbaycanın sənaye parkları və rəqabətlilik mövzusunda "dəyirmi masa" keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, özəl sektorun inkişafı üçün ölkəmizdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir.

Nazir müavini qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Azərbaycanda sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən N.Səfərov sənaye müəssisələri yaradılarkən ən qabaqcıl texnologiyaların tətbiq edildiyini xüsusi vurğulayıb, yaradılan və fəaliyyətdə olan parklar barədə məlumat verib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşenko təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq istiqamətləri barədə danışıb, Dünya Bankı tərəfindən reallaşdırılan layihələri diqqətə çatdırıb. L.Leşenko Azərbaycanda yaradılan sənaye parklarının ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılması və sənaye potensialının gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının özəl sektorun inkişafı üzrə aparıcı mütəxəssisi Pars Şri Tevarinin "Rəqabətlilik üçün inteqrasiya olunmuş strategiya" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bir sıra ölkələrin, o cümlədən Sinqapur və Malaziyanın təcrübəsində sənaye parklarının ümumi iqtisadi inkişafa təsiri, rəqabətədavamlı məhsul istehsalında və yeni iş yerlərinin yaradılmasında sənaye parklarının əhəmiyyəti barədə geniş məlumat verilib.

Dünya Bankının İnvestisiya siyasəti üzrə aparıcı mütəxəssisi Gökhan Akıncı isə "Sənaye Parkları və xüsusi iqtisadi zonalar: Rəqabəti sürətləndirmək üçün platforma" mövzusunda təqdimatında ölkələrin sənaye istehsalı ehtiyaclarının dəqiq təhlilinin vacibliyini vurğulayıb, sənaye klasterlərinin yaradılmasının məhsul istehsalının keyfiyyətinin və rəqabətqabiliyyətinin yüksəldilməsinə təsirləri barədə məlumat verib.

Sonda Dünya Bankının ekspertlərinin Azərbaycanda yaradılan sənaye parklarına dair sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti