Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanda noyabrda baytarlıq şəhərciyi istismara veriləcək. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Baytarlıq Laboratoriyasının zəruri avadanlıqla təchizatı üzrə tender başa çatıb: "Gələcəkdə respublika üzrə 65-dən çox laboratoriya mərkəzi tikməyi planlaşdırırıq. Bundan başqa, Qarabağ atlarının genofondunun qorunması üçün mərkəz tikilir, daha biri isə gələcəkdə inşa ediləcək".
H.Əsədov qeyd edib ki, son ilyarım ərzində Azərbaycanda kənd təsərrüfatının inkişafına əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılıb: "Biz ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəal işləyirik. Azərbaycanda son ilər şumlanmış torpaq sahələrinin payı 70 faizədək artıb, lizinqə verilən suvarma sistemlərinin komplekt dəstləri və avadanlıqları üzrə güzəştlər onların ilkin qiymətinin 40 faizini təşkil edir, fermerlər üçün subsidiyalar genişləndirilib (gübrələrin alınmasında subsidiyalaşdırmanın səviyyəsi 50-dən 70 faizədək yüksəldilib). Bu tədbirlər məhsuldarlığı artırmağa imkan verəcək".
Nazir əlavə edib ki, taxıl fondu 750 min tonadək artırılıb.