Azərbaycan, Bakı, 23 iyul /Trend/
Azərbaycanda aqrar sahəyə ayrılan güzəştli kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndirilir.
Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində qeyd olunur.
Bundan başqa, Dövlət Xidməti aqrar sahənin kreditləşdirilməsi üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edəcək; aqrar sahədə sahibkarlığın və rəqabət mühitinin inkişafına dəstək verəcək; aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq edəcək; aqrar sahədə sahibkarlığın inkişafına, innovasiyaların və qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsinə dəstək məqsədi ilə layihələrin idarə edilməsini həyata keçirir və bu sahəyə investisiyalar cəlb edilməsi ilə bağlı təkliflər verəcək.
Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, o cümlədən ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin edir və həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edir;
- dövlət büdcəsindən ayrılan və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin güzəştli kredit şəklində yönəldilməsi üçün aqrar bölmənin prioritet hesab edilən sahələri barədə nazirliyə təkliflər verir;
- verilmiş kreditlər üzrə daxil olan maliyyə vəsaitindən təyinatı üzrə istifadəni təmin edir;
- aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənir;
- kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqələr keçirir, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparır və onları qiymətləndirir, habelə layihələrin icrasına nəzarət edir;
- Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq edir;
- kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətini təşkil edir;
- güzəştli kreditlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır, təklif edilən layihələrin ekspertizasını keçirir, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir və b.