İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/
"İran və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələr həmişə müsbət və dostluq ab-havasında olub". Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşən İranın iqtisadiyyat naziri Əli Təyyibniya deyib.
Onun sözlərinə görə, Azərbaycan rəsmiləri hətta sanksiyalar dövründə İranla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bəyan ediblər: "Bu gün aparılan müzakirələr ikitərəfli əlaqələrin, həmçinin iki ölkənin bankları və sığorta şirkətləri arasındakı əlaqələrin daha da inkisaf etməsinə şərait yaradacaq".
İranlı nazir azərbaycanlı həmkarı ilə bugünkü görüşdə bir sıra sahələrdə razılıq əldə edildiyini diqqətə çatdırıb: "Qərara alındı ki, Azərbaycanda fəaliyyət göstərən İran sığorta şirkətləri və bankları yaxın gələcəkdə öz normal fəaliyyətlərinə yenidən başlasınlar. Həmçinin İran və Azərbaycan bankları arasında broker əlaqələri qurulsun".
Ə.Təyyibniya qeyd edib ki, qarşılıqlı investisiyaların yatırılması ilə əlaqədar birgə komitə yaradılması qərara alınıb: "Komitədə sərmayə yatıracağımız sahələr müəyyən ediləcək və müvafiq qərarlar qəbul olunacaq".
O bildirib ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi 500 milyon dollardır: "Bu göstərici bir neçə dəfə arta bilər. Bunun üçün geniş potensial var. Sevindirici haldır ki, iki ölkənin əlaqələrində inkişaf tempi var. Və mövcud potensial bu əlaqələrin daha da inkişaf etməsinə şərait yaradır".