...

İrana qarşı sanksiyaların ləğvi Azərbaycana nələr vəd edir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2015 08:00 (UTC +04:00)
Son günlər dünya ictimaiyyəti İrana tətbiq olunan sanksiyaların ləğv edilməsi və bunun dünya iqtisadiyyatına təsirlərini fəal şəkildə müzakirə edir.
İrana qarşı sanksiyaların ləğvi Azərbaycana nələr vəd edir?

Azad Həsənli - Trend:

Son günlər dünya ictimaiyyəti İrana tətbiq olunan sanksiyaların ləğv edilməsi və bunun dünya iqtisadiyyatına təsirlərini fəal şəkildə müzakirə edir.

İran Yaxın Şərqin ən böyük bazarıdır və embarqonun ləğv edilməsi bu ölkəni xarici şirkətlər üçün "Eldorado"ya çevirəcək. Deyə bilərik ki, uzun illər Qərbin sanksiyalarından əziyyət çəkən İran investisiyalara "ac"dır.

Azərbaycan bunu çox yaxşı anlayır. Bu səbəbdən Azərbaycanın neft-qaz, İT, nəqliyyat, maliyyə və digər sahələrin də daxil olduğu nümayəndələrdən ibarət heyətin İrana səfəri təsadüfi deyil. Səfər zamanı alternativ enerji, başqa ölkələrdə birgə investisiyaların qoyulması, dəmiryol layihələrinin reallaşdırılması daxil olmaqla, geniş spektrli məsələlərə toxunuldu.

Qərblə müqayisədə Azərbaycanın bir sıra üstünlükləri var. İlk növbədə, coğrafi mövqe burada əsas rol oynayır - İranla qonşuluq ticarət əlaqələrini asanlaşdırır.

İkincisi, Avropa və İran arasında müəyyən "etimad defisiti" mövcuddur. Azərbaycanın İranın qonşusu kimi bu ölkə ilə ümumi cəhətləri çoxdur. Ona görə də güman etmək olar ki, Azərbaycanın Avropa şirkətləri ilə müqayisədə üstünlükləri olacaq.

Əlbəttə, çox güman, məhz neft-qaz sahəsi ölkələr arasında iqtisadi əməkdaşlığın əsası olaraq qalacaq. Bununla yanaşı, Azərbaycan və İranın əməkdaşlıq edə biləcəyi başqa sahələr də var. Məsələn, İranın mədənçıxarma sahəsi. Ölkə alüminium, qızıl və misin çıxarılması, həmçinin poladın əridilməsi üzrə müxtəlif layihələri həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, İran bu sahəyə xaricdən təqribən 29 milyard dollar cəlb etmək istəyir. Azərbaycan da İran kimi faydalı qazıntılarla zəngindir və mədənçıxarma sahəsində böyük təcrübəsi var.

Azərbaycan, həmçinin inşaat materiallarının birgə istehsalına və ümumilikdə İranın inşaat sahəsinə investisiya qoya bilər. Ölkəyə böyük beynəlxalq şirkətlər, həmçinin İran diasporunun nümayəndələri qayıtdıqdan sonra ekspertlərin əksəriyyəti İranda inşaat bumu gözləyir.

İran hökuməti hesab edir ki, sanksiyaların ləğv edilməsindən ən böyük xeyri turizm sektoru əldə edəcək.

Artıq indidən buna imkan yaratmaq üçün İranda müxtəlif tədbirlər həyata keçirilir: turist vizalarının müddəti 15 gündən 1 aya kimi artırılır, yeni hotellər tikilir və s.

Azərbaycanın turizm şirkətləri də bu istiqaməti inkişaf etdirə bilər. Tibbi turizmlə yanaşı, turistlərə İranın tarixi, memarlıq abidələri və dini yerləri, həmçinin dağ-xizək kurortları maraqlı gələ bilər.

İranın qiymətli kağızlar bazarı da xüsusi maraq kəsb edir. Belə ki, bazarın dövriyyəsi bir neçə milyard dollar təşkil edir. İran bazarının böyük potensialı var və o, "ucuzluğu" ilə seçilir.

Ümumilikdə İranda istehsalın maya dəyəri kifayət qədər aşağıdır. Ancaq Azərbaycan üçün sərhəd ərazilərdə "Araz", "Maku" və başqa bu kimi azad iqtisadi zonaların olması əhəmiyyətlidir. Bu zonalarda azərbaycanlı iş adamları üçün müxtəlif vergi güzəştləri nəzərdə tutulur.

Sanksiyaların ləğv edilməsi İranın İT sahəsinin inkişafına da təkan verəcək. Artıq indidən xarici şirkətlər İranın startap layihələrinə xüsusi maraq göstərir. Ölkədə bu sahəyə investisiya qoyan fiziki şəxslərin və fondların sayı elə də çox (cəmi 10 - onlardan yalnız 1-i fəal şəkildə işləyir) deyil. Eyni zamanda, İranın İT bazarının artımına baxmayaraq, bu bazarda rəqabət hələ azdır. Bundan da xarici şirkətlər istifadə edə bilər.

İran da Azərbaycan kimi neft sektorundan asılılığı azaltmağa çalışır. Bu baxımdan alternativ enerji sahəsində əməkdaşlıq ölkə üçün prioritetlərdən biri ola bilər. Bu sahədə birgə layihələrin reallaşdırılması üçün artıq işçi qrupu yaradılıb. Hazırda Azərbaycan İranın Xorasan vilayətində külək parkı, həmçinin Təbriz yaxınlığında geotermal elektrik stansiyası yaratmaq istəyir.

İran əhalisinin böyük əksəriyyətinin ölkəyə xarici şirkətlərin gəlişini müsbət qiymətləndirməsi də əhəmiyyətli amildir. İranın yaxın gələcəkdə böyük xarici kapital axını gözləməsi faktdır və burada Azərbaycan öz yerini tutmalıdır - əlbəttə ki, son cərgələrdə yox. İran bazarının kifayət qədər böyük olması ilə yanaşı, o, Fars körfəzinin başqa ölkələrinə də yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti