...

Deputat: İran Türkiyəyə, Türkiyə də İrana yardım edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2015 15:33 (UTC +04:00)
"İran-Türkiyə əlaqələri strateji əlaqələrdir. Türkiyə İran üçün, həmçinin İran Türkiyə üçün çox önəmli qonşu ölkələrdən biridir".
Deputat: İran Türkiyəyə, Türkiyə də İrana yardım edə bilər

İran, Tehran, 7 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"İran-Türkiyə əlaqələri strateji əlaqələrdir. Türkiyə İran üçün, həmçinin İran Türkiyə üçün çox önəmli qonşu ölkələrdən biridir". Bunu Trend-ə İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Məhəmməd Əlipur ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin gələn həftə Türkiyəyə səfərini şərh edərkən deyib.

M.Əlipur bildirib ki, iki ölkənin əlaqələrinin çox qədim tarixi var: "Əlaqələr həm siyasi, həm də iqtisadi sahədə genişləndirilməlidir. Bu əlaqələr xüsusilə də təhlükəsizlik sahəsində çox əhəmiyyətlidir".

O, qeyd edib ki, İran və Türkiyə iqtisadiyyatı bir-birini tamamlayır: "İki ölkə qonşudur, iki ölkənin xalqlarının bir-birinə olan münasibəti, oxşar mədəniyyət və müştərək sərhədlərin olması bu əlaqələrin inkişafını qaçılmaz edir. Digər ölkələrin yüklərinin iki ölkənin ərazisindən tranzitlə daşınması, texnologiya və xarici ticarətin artması kimi məsələlərdə İran Türkiyəyə, Türkiyə də İrana yardım edə bilər. İran istəyir ki, Türkiyə-İran münasibətləri həmişə dostluq və qarşılıqlı əməkdaşlıq çərçivəsində olsun".

İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü düşünür ki, İran və Türkiyə arasındakı ticarət əlaqələrin həcmi 30 milyard dollardan da çox ola bilər: "Türkiyə və İran iqtisadiyyatının potensialı o qədər genişdir ki, iki ölkənin ticarət əlaqələri 30 milyard dollardan da artıq ola bilər. İki ölkə ticarət dövriyyəsini 30 milyard dollar həcminə çatdırmaq üçün işləri sürətləndirməlidir. Ümid edirik ki, qarşılıqlı səfərlər öz müsbət təsirini göstərəcək və mövcud problemləri və anlaşılmazlıqları müəyyən qədər aradan qaldıracaq".

Qeyd edək ki, Türkiyə İranın ən böyük ticarət tərəfdaşları sırasındadır. İran keçən il (İranda il martın 21-dən başlayır - red.) Türkiyədən 3,822 milyard dollarlıq idxal həyata keçirib. Türkiyə İrana ixrac etdiyi malın həcminə görə dördüncü yerdədir. İranın Türkiyəyə qeyri-neft ixracı isə həmin müddətdə 2,15 milyard dollara çatıb. İran, həmçinin Türkiyəyə gündəlik təqribən 100 min barel xam neft və 27 milyon kubmetr qaz ixrac edir. Bundan başqa, Türkiyə İrandan keçən il 2,4 milyard kilovat-saat elektrik enerisi idxal edib. Ümumiyyətlə, 2014-cü ildə İran və Türkiyə arasında ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu rəqəm 2000-ci ildə 1 milyard dollar idi və iki ölkə rəsmiləri bu rəqəmin növbəti illərdə 30-35 milyard dollara çatacağını bəyan ediblər.

M.Əlipurin fikrincə, bölgədə təhlükəsizliyin təmini və sabitliyin yaradılması İran, Türkiyə, İraq və Suriyanın qarşılıqlı anlaşma şəraitində əməkdaşlığından asılıdır: "Hazırkı şəraitdə bölgədə təhlükəsizliyin təmini və sabitliyin yaradılmasına yardım edə biləcək ən önəmli məsələ İran, Türkiyə, İraq və Suriyanın qarşılıqlı anlaşma şəraitində birgə əməkdaşlığıdır".

Xatırladaq ki, gələn həftənin sonu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək. İran mətbuatı Türkiyə KİV-ə istinadən yazır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu M.C.Zərifin Türkiyəyə səfəri zamanı regiondakı problemlər və iki ölkənin İŞİD terror qruplaşmasına qarşı birgə mübarizəsi məsələlərinin müzakirə olunacağını deyib. M.C.Zərifin avqustun 12-də isə Livana səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti