Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elmir Murad/
Prezident İlham Əliyevin imzaladığı fərmanlar, sərəncamlar, Milli Məclisə təqdim etdiyi qanun layihələri Azərbaycanda iqtisadiyyatın inkişafına, qeyr-neft sektorunda müxtəlif sahələrin gəlirlə işləməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönələn mütərəqqi addımlardır.
Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, istər vergi sistemində, istər lisenziyaların verilməsi ilə bağlı, istərsə də vergilərin sadələşdirilməsi ilə bağlı qərarlar təqdirəlayiq haldır. M.Quliyev deyib ki, Prezidentin imzaladığı son sərəncam və fərmanlar ölkədə mütərəqqi dəyişikliklərə səbəb olacaq: "Prezidentin son fərman və sərəncamları Azərbaycanda monopoliyanın aradan qaldırılmasına, aşkar və gizli rüşvətxorluq və mənfi halların aradan qaldırılmasına, korrupsiyanın yox olmasına yönələn çox ciddi iqtisadi rıçaqlardır. Bu addımlar Azərbaycana idxal olunan malların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq".
Prezident İlham Əliyevin apardığı siyasətin Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq olduğunu deyən M.Quliyev qeyd edib ki, dövlət başçısının atdığı son addımların yaxın zamanlarda əməli nəticələrini görəcəyik: "Prezidentin son tapşırıqları ölkədə mal bolluğu yaradacaq. Hər kəsin bizneslə məşğul olmaq imkanını genişləndirəcək. Eyni zamanda, məşğulluğun təmin olunması, yoxsulluğun azalması və əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxaracaq".