...

Dünya Bankı hazırkı mürəkkəb iqtisadi şəraitdə Azərbaycana lazımi dəstək verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 16:33 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Siril Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dünya Bankı hazırkı mürəkkəb iqtisadi şəraitdə Azərbaycana lazımi dəstək verəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Siril Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, yeni təyin olunmuş vitse-prezidentlə tanışlıq və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair ətraflı fikrilərini bölüşüb. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri S.Müller ölkəmizin müstəqillik dövründə uğurlu inkişaf yolundan danışaraq yoxsulluğun azaldılması, inklüziv iqtisadi artım və məqsədyönlü infrastruktur layihələrinin icrası istiqamətində əldə etdiyi nailiyyətlərini xüsusilə vurğulayıb. O, Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inklüziv və dayanıqlı iqtisadi artımı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən S.Müller hazırkı mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımi dəstək verəcəyini əminliklə vurğulayıb.

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti