...

Azərbaycan sənayesində yeni modelin tətbiqi – TƏKLİFLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Yanvar 2016 22:00 (UTC +04:00)
Ölkədə texnoparklar şəbəkəsinin qurulması ilə yanaşı, dövlət başçısı tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən 2020-ci ilə qədər sənaye klasterlərinin formalaşdırılması da gündəmdədir.
Azərbaycan sənayesində yeni modelin tətbiqi – TƏKLİFLƏR

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə texnoparklar şəbəkəsinin qurulması ilə yanaşı, dövlət başçısı tərəfindən təsdiqlənən "Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən 2020-ci ilə qədər sənaye klasterlərinin formalaşdırılması da gündəmdədir. Bu klasterlərin yaradılmasına dair təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, artıq bu istiqamətdə də müvafiq təkliflər səsləndirilir.

Kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığı eyni anda təmin edən sistem

İqtisadiyyat və Sənaye Nazirliyindən qeyd edildiyi kimi, klaster modeli XX əsrin 60-70-ci illərindən başlayaraq tətbiq edilən bir mexanizmdir. Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

Universitet-sənaye əməkdaşlığında "Silikon vadisi" təcrübəsi

Klasterlər universitetlərlə sənaye müəssisələri arasında daha yaxın əlaqələrin qurulmasını da şərtləndirir, həmçinin müəyyən sahənin inkişafına köməklik göstərəcək təhsil müəssisələrinin qurulmasını asanlaşdırır. Stenford Universitetinin "Silikon vadisi" klasterinin yaxınlığında yerləşməsi, innovativ texnologiyalar sahəsində ixtisaslaşmış klasterlərin Massaçusets Texnologiya İnstitutu və ya Kembric Universitetinin ətrafında fəaliyyət göstərməsi buna misal ola bilər.

"Silikon vadisi" - dünyada İKT üzrə ən tanınmış klaster

Modelin tətbiq edildiyi ölkələrin əksəriyyətində klasterlər iqtisadi cəhətdən çox əhəmiyyətli mövqeyə malikdir. Klasterlərin ən yaxşı inkişaf etdiyi ölkələr ABŞ, İtaliya, Almaniya, İngiltərə, İsveç, Yaponiya, Fransa, Çin, Hindistan, Pakistan, Braziliya, Meksikadır. İKT üzrə dünyada ən çox tanınmış klasterə gəlincə, bu, ABŞ-dakı "Silikon vadisi"dir.

Azərbaycanda vertikal sənaye klasteri modelinə bənzər sahələr mövcuddur, amma...

Klaster modelinin ölkə sənayesində tətbiqi imkanlarına gəlincə, İqtisadiyyat və Sənaye Nazirliyində hesab edirlər ki, Azərbaycanda vertikal sənaye klasteri (məhsulların istehsalından başlayaraq son istehlakçıya qədər olan təchizat zəncirini özündə əks etdirən klaster) modelinə bənzər sahələr artıq mövcuddur. Amma klasterlərə məxsus bütün keyfiyyətləri əhatə etmədiyindən həmin sahələrdə tam olaraq klasterlərin yaradıldığını demək çətindir.

Azərbaycanda mexanizmin tətbiqinə başlamaq üçün klasterlərin seçilməsi, regional iqtisadiyyatda rəqabət gücü nisbətən yüksək olan və dövlət dəstəyi ilə qısa müddətdə maksimum nəticənin əldə edilə biləcəyi sahələrin müəyyənləşdirilməsi lazımdır.

Fərdi şəkildə inkişafa meylin daha güclü olduğu Azərbaycan kimi ölkələrdə klasterlərin qurulması asan hesab olunmur

Hesab edilir ki, regionların daxili potensialı və təcrübələr nəzərə alınaraq, hər regiona uyğun xüsusi klasterlərin qurulması, diversifikasiya yaradılması, yeni məhsul və xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da qeyri-neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımlar atılmalıdır. Buna baxmayaraq, fərdi şəkildə inkişafa meylin daha güclü olduğu Azərbaycan kimi ölkələrdə klasterlərin qurulmasının asan olmadığı da nəzərə alınmalıdır. Milli xüsusiyyətlər əsasında sosioloji araşdırmalar aparıldıqdan sonra klasterləşmə prosesinə başlanılmalıdır.

Texnopark direktoru: "Bu, yüksək texnologiyaların inkişafında innovasiya sahibkarlığının inkişafına münbit şərait verir"

İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar və Elmi Tədqiqat İnstitutunun elmi tədqiqatçısı, Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov klasterləşmə prosesinin təşviqi ilə bağlı danışarkən bildirib ki, klaster modelində müəyyən sahə, həmçinin bu sahə ilə əlaqədar digər yardımçı sahələr üzrə qruplaşma (ixtisaslaşma) mövcuddur. Bu isə yüksək texnologiyaların inkişafında innovasiya sahibkarlığının inkişafına münbit şərait verir. Klaster həm sahibkarlığın, həm də innovasiyaların inkişafına müsbət təsir edir".

Qənaətcil fürsətlər klaster modellərinin tətbiqini aktuallaşdırır

Klaster modelinin ölkənin yüksək texnologiyalar və İKT sənayesində tətbiqindən söz açan tədqiqatçı hesab edir ki, klasterlərdə tətbiq olunan güzəştlər (vergi, gömrük və strateji plana görə mümkün olan digər üstünlüklər) sahibkarların və ya tədqiqatçıların fəaliyyətini təşviq edən amillərdən sayıla bilər. Klaster modelinin üstünlüklərindən biri də layihə mərhələsində olan işlərin zəruri xərclərinin azaldılması imkanıdır: "Eyni zamanda son zamanlar dünyada baş verən böhran şəraiti və onun Azərbaycana təsirləri qiymətləndirilərkən, Prezident İlham Əliyevin iqtisadi inkişafda qənaət amilinin nəzərə alınmasının vacib olduğunu vurğulaması klaster modellərinin tətbiqini aktuallaşdırır. Klaster yanaşmaları sahibkarlığın inkişafında qənaətcil fürsətlər formalaşdırır".

Bu metodun İKT-nin, eləcə də sənayenin digər sahələrinin inkişaf etdirilməsi ilə bağlı imkanlarına gəlincə...

Klaster modelinin tətbiqi doğru yanaşma olmaqla, eyni zamanda dünyada isbatlanmış istiqamətdir: "Bu metodun İKT-nin, eləcə də sənayenin digər sahələrinin inkişaf etdirilməsi istiqamətində Azərbaycandakı imkanlarına gəlincə, prosesin təməl prinsiplərinə daha diqqətlə yanaşılmasının doğru olduğu qənaətindəyəm. Klaster modeli sahələr üzrə kompleks yanaşmadan irəli gəlir, prosesin aparıcı istiqaməti isə innovasiyaların tapılması və tətbiqidir. Ona görə də, ilk növbədə, innovasiyaları formalaşdıracaq ekosistemin inkişafına zəmin hazırlamaq lazımdır".

Yeni texnoloji yanaşmaların tətbiqinə əhəmiyyət verən təhsil inkişaf etdirilməli, innovativ sahibkarlıq dəstəklənməlidir

Onun sözlərinə görə, yeni texnoloji yanaşmaların tətbiqinə və təşəbbüskar yanaşmaya əhəmiyyət verilən təhsil sistemi inkişaf etdirilməlidir: "Tətbiq əhəmiyyəti olan, nəticə əsaslı elmi tədqiqat işləri dəstəklənməli və bu cür tədqiqatları həyata keçirəcək akademik yanaşma formalaşdırılmalıdır. Peşəkarlarla (real biznes nümayəndələri ilə) elmi tədqiqat (və ya təhsil) müəssisələrinin ortaq layihələri təşviq edilməlidir. İnnovativ sahibkarlığın inkişafı dəstəklənməli, təşviq edilməli, sərbəst bazar şəraitinin formalaşmasına əhəmiyyət verilməlidir. Sahibkarlıq fəaliyyətlərində professional yanaşma təşviq edilməli, sənaye məhsulu istehsalında kütləviləşməyə şərait formalaşdırılmalı, hazır məhsulun satışı imkanları artırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti