Bakı. Trend:
2015-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 1853 cinayət işi başlanıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu işlər üzrə aparılan araşdırmalar zamanı 69,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Departamentin İstintaq idarəsində 815 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 57 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş üzrə 83 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
576 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib ki, bu da 2014-cü illə müqayisədə 379 iş çoxdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 44 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 511 şəxsin məcburi qaydada gətirilməsi, 533 şəxsin tapılaraq istintaqa gəlmələri, 542 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına kömək göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 461 nəfər vergiödəyici tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.