...

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 15:42 (UTC +04:00)

Bakı. Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2015-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrlə 18 815,4 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 10 619,2 milyon dollarlıq ixrac və 8196,2 milyon dollarlıq idxal əməliyyatları aparılıb. Nəticədə 2423,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2014-cü ilin yanvar-noyabr aylarına nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 4,1 faiz azalıb. Ticarət dövriyyəsinin 16 553,9 milyon dolları və ya 88,0 faizi MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrin, 2261,5 milyon dolları, yaxud 12,0 faizi MDB üzvü dövlətlərinin payına düşüb və bu ölkə qrupları üzrə ticarət dövriyyəsinin fiziki həcmi müvafiq olaraq 1,7 faiz və 12,5 faiz azalıb.

Dövriyyənin 8892,5 milyon dollarlıq hissəsi və ya 47,3 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin sayəsində yaranıb. MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrə ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 2,7 faiz azalıb və bu ölkələrə 10151,7 milyon dollar həcmində məhsul göndərilib.

MDB üzvü dövlətlərinə ixrac olunmuş məhsulların həcmi 33,6 faiz azalaraq 467,5 milyon dollar təşkil edib. İxracın ümumi həcminin 4,4 faizi MDB, 59,7 faizi Avropa İttifaqı ölkələrinin, 35,9 faizi isə digər ölkələrin payına düşüb.

2015-ci ilin yanvar-noyabr aylarında ölkəmizə idxal olunmuş məhsulların 6402,2 milyon dollarlığı MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olub.

İdxalın ümumi həcminin 21,9 faizi MDB üzvü dövlətlərinin, 31,2 faizi Avropa İttifaqı ölkələrinin, 46,9 faizi isə digər ölkələrin hesabına foralaşıb.

Xarici ticarət dövriyyəsinin 83,4 faizi İtaliya, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Fransa, İsrail, Çexiya, Avstriya, Yaponiya, Çin, İndoneziya, Birləşmiş Krallıq, Gürcüstan, İspaniya, Portuqaliya, Ukrayna, Tunis, Hindistan, Kanada və Tailand dövlətlərinin hesabına formalaşıb.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi həcminin 16,1 faizi Rusiyanın, 12,6 faizi Türkiyənin, 9,4 faizi ABŞ-ın, 7,7 faizi Almaniyanın, 6,1 faizi Yaponiyanın, 5,8 faizi İtaliyanın, 5,7 faizi Birləşmiş Krallığın, 5,5 faizi Çinin, 3,5 faizi Ukraynanın, 2,2 faizi Fransanın, 1,6 faizi Norveçin, 1,5 faizi Koreyanın, hər birində 1,3 faiz olmaqla Braziliya və Avstriyanın, 1,2 faizi Sinqapurun, hər birində 1,1 faiz olmaqla Niderland və Qazaxıstanın, hər birində 1,0 faiz olmaqla İsveçrə, İran və Polşanın, 13,3 faizi isə digər ölkələrin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti