Bakı. Anaxanım Hidayətova - Trend:
Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır. Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisindən deyiblər.
Bildirilib ki, Azərbaycanın Aİ-yə ixracının 98,8 faizini yanacaq təşkil edir və neftin qiymətinin azalması ilk növbədə Azərbaycanın gəlirlərinə təsir edə bilər: "Ölkənin ticarət sahəsi üçün mənfi nəticələrin yumşadılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi lazımdır və Aİ bu məsələdə Bakını dəstəkləməyə hazırdır".
Aİ nümayəndəsinin sözlərinə görə, Azərbaycanın ticarətlə bağlı qanunverici norma və prosedurlarının beynəlxalq standartlara yaxınlaşdırılması, Ümumdünya Ticarət Təşkilatının yardımı ilə rəqabət qabiliyyətinin gücləndirilməsi Azərbaycanın ticarət sahəsinin və ölkənin Aİ ilə ticarət münasibətinin dəstəklənməsi üzrə səmərəli alətlər ola bilərdi.