Bakı. Trend:
"Youth Inc" Biznes İnkubasiya Mərkəzi öz biznesinə başlamaq istəyən və ya hal-hazırda şirkət inkişaf etdirən gənc sahibkarlar üçün qəbul elan edir. Gənc sahibkarlar müraciət edərək biznes inkubatorun rezidentinə çevrilə və inkubatorun təklif etdiyi bir sıra imkanlardan və xidmətlərdən yararlanmaq şansı qazana bilərlər.
"Youth Inc" Biznes İnkubasiya Mərkəzi DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi), Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Youth Inc." Proqramı çərçivəsində yaradılıb. Mərkəz Azərbaycan gəncləri üçün ilk açıq tipli müstəqil biznes inkubator olaraq 20 gənc sahibkarın eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş və şəhərin mərkəzində yerləşən ödənişsiz ofis məkanı, müvafiq texniki və ofis ləvazimatlarını, internetə çıxış təklif edir.
Baza dəstək paketinə daxil olan iş mühiti və infrastruktur ilə yanaşı, "Youth İnc" rezidentləri marketinq, satış, maliyyə, investisiya və digər sahələrdə mütəxəssis dəstəyi, təlim-tədris proqramı, biznes şəbəkə və investorlara çıxış imkanı və digər xidmətlərdən də yararlana biləcək.
"Youth Inc" Biznes İnkubasiya Mərkəzində rezident olmaq üçün namizəd startapçılar www.youthinc.az/az/incubator-apply keçidində yerləşdirilən müraciət formasını doldurmalıdırlar. Müraciət formaları ayda bir dəfə olmaqla, hər ayın 25-i "Youth İnc" ekspertləri tərəfindən qiymətləndiriləcək və perspektivli biznes ideyalar və startaplar ilkin intervyuya dəvət alacaq. Qeyd edək ki, startapların istiqaməti üzrə heç bir məhdudiyyət qoyulmur. Müraciətlər ancaq 18-29 yaş arası gənc sahibkarlar üçün açıqdır.
"Youth Inc." proqramının iştirakçısı, "gotrip.az" şirkətinin həmtəsisçisi Vüqar Cəfərzadə qeyd edib, ki iki ildən artıqdır ki, onların komandası "Youth Inc." proqramı ilə tanışdır. Onlar proqramın bir sıra təlimlərinin iştirakçısı olub, həmçinin bu yaxınlarda açılışı olan "Youth Inc." Biznes İnkubasiya Mərkəzində yaradılmış şəraitlə də yaxından tanış olublar. Onlar inanırlar ki, Mərkəz uğurlu biznez ideyaların reallaşdığı məkan olacaq və gənc sahibkarlığın inkişafına imkan yaradacaqdır. O, özlərinə inanan və sahibkar olmağa hazır olan gənclərin biznes inkubatora müraciət etməyə çağırıb.
Xatırladaq ki, "Youth Inc" Biznes İnkubasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək olaraq gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif edir və ideyalarını həyata keçirmək üçün əsas platformalardan biridir. "Youth Inc" proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz.
Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramı "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və DVC arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. "Youth Inc."in fəaliyyət dövrü ərzində proqram məzunları 8 biznes layihə həyata keçirib, 5 minə yaxın gənc proqram çərçivəsində təlimləndirilib. "Youth İnc" Proqramı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində ölkədə gənc sahibkarlara dəstək istiqamətində həyata keçirilən ən uğurlu layihələrdən biridir.
Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə yaradılmışdır. Nazirliyin başlıca fəaliyyət istiqamətləri Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi. gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi, aztəminatlı ailələrdəki uşaqların və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi, bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi və sairdən ibarətdir.
"Coca-Cola" şirkəti sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. Daha ətraflı məlumatı www.thecoca-colacompany.com saytından əldə edə bilərsiniz.
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat" təhsil proqramı kimi başlamışdır. Təşkilatın gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsi məqsədilə "Milli Debat", "Youth İnc." və "Yaşıl ofis" proqramları çərçivəsində fəaliyyət göstərir.
Fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən təşkilat Beynəlxalq Debat Təhsil Assosiasiyası" (IDEA), "Milli Debat Şəbəkəsi" və "Milli Karyera və İşədüzəltmə Assosiasiyasının" həmtəsisçisi, öz sahəsində dünya lideri olan "Milli Biznes İnkubatorlar Assosiasiyasının" (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, dünyanın 140 ölkəsini əhatə edən "Qlobal Sahibkarlıq Həftəsinin" Azərbaycanda eksklüziv nümayəndəsi və "Amerika-Azərbaycan Ticarət Palatasında" (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır.Təşkilatımızın aparıcı və ən kütləvi proqramlarından biri olan "Milli Debat Proqramı" respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək vermək istiqamətində 15 illik fəaliyyətini davam etdirir. Hər il mütəmadi olaraq təşkilat tərəfindən respublikanı əhatə edən debat forumları həyata keçirilir.