...

Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 14:48 (UTC +04:00)
Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib.
Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verildi

Bakı. Trend:

Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunub, çadır düşərgələri tamamilə ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq tədbirlər həyata keçirilir.

Martın 17-də Sahibkarlığa Kömək Milli Fondu Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi qeyd edilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin verilməsi və maarifləndirilməsidir.

Qeyd edilbi ki, indiyədək 1830 məcburi köçkün sahibkara 38,7 milyon manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yerinin yaradılması mümkün olub.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 20 yeni iş yerinin yaradılmasına imkan verir.

Forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarların Yevlax rayonu, Malbinəsi qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti