...

Beyləqan sahibkarlarına güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2016 15:03 (UTC +04:00)
Beyləqan rayonunda sahibkarlara güzəştli kreditlər verilib.
Beyləqan sahibkarlarına güzəştli kreditlər verilib

Bakı. Trend:

Beyləqan rayonunda sahibkarlara güzəştli kreditlər verilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aprelin 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

120-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir heyvandarlıq kompleksinin, meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 324 sahibkara 39,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 476,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 60 sahibkara 5,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, biyan emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilmişdir. Təsərrüfatda pambıq əkini aparılacaq.

Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, iri fermer təsərrüfatlarının yaradılması davam etdirilir. Hazırda respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 29 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 73,1 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti