...

Dövlət Komitəsi: Torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 11:49 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi mayın 11-də Samux rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı növbəti İşgüzar Forum keçirib.
Dövlət Komitəsi: Torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 11-də Samux rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı növbəti İşgüzar Forum keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, Forum Komitənin Aparatı və tabeli qurumları, Samux Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Forumların keçirilməsində məqsəd Torpaqların Elektron Uçotu Sisteminin qurulması və elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin mahiyyəti və nəticələrinin icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq və digər daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri və istifadəçilərinə izahı, habelə həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli "Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Habelə ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir.

Forumda Uçot Sisteminin iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan bəhs olunub. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd, torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.

Qeyd edilib ki, 2016-cı ildə respublikanın 23 rayonunda bu işlərin aparılması planlaşdırılır. 2019-cu ilin sonunda ölkənin 3 milyon 200 min hektar torpaq sahəsinin dəqiq uçotu hazır olacaq və bu məlumatlar adı çəkilən Sistemə daxil ediləcək.

2020-ci ildə yekunlaşacaq torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasını təmin edəcək. Torpaq ehtiyatları daha mükəmməl qaydada idarə ediləcək, əmlak münasibətlərinin tənzimlənməsinin müasir mexanizmi yaranacaq. Torpaqların sənəd və faktiki göstəricilərindəki uyğunsuzluqlar aradan qaldırılıb dəqiq şəkildə Sistemdə əks olunacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar tədbirlər üçün vahid elektron məlumat bazası olacaqdır. Bu sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.

Forumda qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən indiyədək bir neçə kadastr layihəsi həyata keçirilib və hazırda bu işlər davam etdirilir. Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin 205 minə yaxın ha ərazisinin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb.

Bakı və Sumqayıt şəhərlərinin elektron kadastr məlumat bazalarında, bu ərazilərdəki bütün növ daşınmaz əmlak obyektləri, o cümlədən yaşayış binaları, fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış obyektləri, yerüstü kommunikasiya xətləri və s. barəsində məlumatlar, onların yerləşmə vəziyyətləri koordinatları, tikintialtı sahələri, kommunikasiya xətlərinin, Xəzər dənizinin mühafizə zolaqları və zonaları haqqında ətraflı məlumatlar mövcuddur.

Gəncə şəhəri və Şəki rayonu üzrə ümumilikdə 200 mindən çox ha ərazidə çöl-ölçmə işləri aparılıb. Gəncə şəhərində icra olunan "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi də artıq yekunlaşıb. Layihənin əsas hədəfi şəhər ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafı, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsidir. Hazırda Şəki rayonunun 55 min ha ərazisində icra olunan kadastr layihəsi 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq.

İşgüzar Forumlar artıq Cəlilabad, Masallı, Ağcabədi rayonlarında keçirilib və geniş ictimaiyyətə Sistemlə bağlı hərtərəfli məlumatlar verilib, aidiyyəti qurumlarla fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə edilib. Belə forumlar 12 mayda Göygöl, 13 mayda Zaqatala, 14 mayda Oğuzda da keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti