...

BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri: Yeni iqtisadi model Azərbaycan iqtisadiyyatını şaxələndirəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 11:45 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri: Yeni iqtisadi model Azərbaycan iqtisadiyyatını şaxələndirəcək (FOTO)

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən Trend-ə verilən məlumata görə, UNEC rektoru, professor Ədalət Muradovla görüşdə yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə müzakirələr aparılıb.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycandakı son iqtisadi proseslər, aparılan struktur islahatları barədə danışıb. Ölkədəki iqtisadi durumun sürətlə dəyişdiyini bildirən missiya rəhbəri, bunu iqtisadi-siyasi tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkənin özəl və qeyri-neft sektorlarının inkişafını nəzərdə tutan yeni iqtisadi model Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə gətirib çıxaracaq.

Hökumət doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib, deyən missiya rəhbəri Beynəlxalq Valyuta Fondunun atılan addımları yüksək qiymətləndirdiyini qeyd edib.

BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi tədiyyə balansı ilə bağlı müsbət trendin olmasını da vurğulayıb.

UNEC rektoru, professor Ə.Muradov bildirib ki, Azərbaycan iqtisadiyyatında mövcud çağırışlar, ilk növbədə, neftin qiymətinin dəyişkənliyi ilə bağlıdır. Azərbaycanda əvvəlki illərdə həyata keçirilən uğurlu siyasət bu çağırışlara layiqli cavab verməyə imkan verir. Belə ki, dövlət başçısı həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" barədə sərəncam verib.

Rektor Azərbaycanın Türkiyə və İranla iqtisadi əlaqələrini genişləndirdiyini, "İpək yolu" marşrutu üzrə müvafiq layihələr həyata keçirdiyini də diqqətə çatdırıb. Biznes və investisiya mühitinin yaxşılaşdırılmasından danışan Ə.Muradov, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahədə yoxlamaların dayandırıldığını, lisenziyaların və icazələrin sayının kəskin azaldığını bildirib. Apellyasiya Şuralarının yaradıldığı, maliyyə bazarlarına nəzarətin gücləndirildiyi və investisiyaların təşviqi sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib.

Bankların fəaliyyətindən söz açan rektor bildirib ki, Mərkəzi Bankın əsas məqsədi öz səlahiyyətləri çərçivəsində qiymət sabitlliyini təmin etmək olsa da, bu qurum ÜDM-nin artımını təmin edə biləcək obyektlərdən biri olmalıdır.

Azərbaycan neftlə zəngin olan çox az ölkələrdən biridir ki, neftin yüksək qiyməti hesabına əldə etdiyi gəlirlərdən səmərəli istifadə edib. Azərbaycanın iqtisadi inkişafının gələcəyinə dair aydın, müsbət qiymətləndirilə biləcək siyasi baxışı var. Ən vacibi, neft kapitalının insan kapitalına çevrilməsi siyasətidir ki, yüzlərlə gənc neft vəsaiti hesabına nüfuzlu xarici universitetlərdə təhsil alırlar. Əminəm ki, bu insan kapitalı Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti