Bakı. Trend:
“Mastercard” qlobal ödəniş texnologiyaları şirkəti Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” ilə maliyyə savadlılığı ilə bağlı layihələrdə əməkdaşlığın başlanğıcı və “Nağdsız Azərbaycan” baxışına öz töhfəsini verməyə hazır olduğunu bildirən niyyət məktubu imzalayıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, məktub özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir. Bu, həmçinin “Mastercard” şirkətinin nağdsız cəmiyyətin təşviqi üçün müxtəlif təşəbbüslərin həyata keçirilməsində “İnnovasiyalar Mərkəzi” ilə birgə tərəfdaşlığının rəsmi başlanğıcıdır.
“Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib: “Maliyyə məsələlərindən kənarda qalmaq və bu sahədə az bilikli olmaq nağd pul üzərində qurulmuş iqtisadiyyata səbəb olur ki, bu da vətəndaşların və hökumətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük. Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” ilə tərəfdaşlığa başlamaqdan çox məmnunuq”.
Qeyd edək ki, istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı “Mastercard” nağdsız ödənişlərdə qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur.
“İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi qeyd edib: “ASAN “İnnovasiyalar Mərkəzi” ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ən qabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, “Mastercard”la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq”.
Məktub “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç və “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.