...

Biznes inkubatorlarla bağlı İqtisadiyyat Nazirliyində komissiya yaradılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2018 18:51 (UTC +04:00)
Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır
Biznes inkubatorlarla bağlı İqtisadiyyat Nazirliyində komissiya yaradılıb (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, biznes inkubatorların iştirakçıları, startap nümayəndələri və bu sahədə ixtisaslaşmış ekspertlər iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə davam etdirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafının təmin edilməsi üçün həyata keçirilən kompleks tədbirlər, sistemli və ardıcıl islahatlar barədə məlumat verib. S.Məmmədov biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülmüş işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verib.

Nazir müavini bu sahədə aparılan işlərə sistemli yanaşmanın təmin edilməsi və diqqətin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı”nın icrası ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Bildirilib ki, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq komissiya yaradılıb. Biznes inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi və iri sahibkarlıq subyektləri tərəfindən innovativ yönümlü startaplara dəstək verilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Tədbirdə çıxış edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Agentliyin və onun tərkibində Kiçik və Orta Sahibkarlıq evlərinin yaradılmasının sahibkarlığın, eləcə də biznes inkubatorların inkişafında, startapların dəstəklənməsində rolunundan danışıb. O.Məmmədov bu sahədə müasir idarəçiliyin tətbiqi, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının xidmətlərinin “vahid məkan” prinsipi əsasında təşkilinin kiçik və orta sahibkarlığın rolunun və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Biznes inkubatorların və startapların nümayəndələri çıxış edərək öz fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb, tədbirin biznes inkubatorları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda startaplar tərəfindən reallaşdırılan innovativ layihələrə potensial invsestorların cəlb olunması baxımından önəmini qeyd ediblər.

Tədbirdə bir sıra startaplar, o cümlədən “RainEnergy”, “Apd Voice”, “Lean Consulting”, “Qss-Analytics”, “Join B2B”, “MrBee”, “CO2Catalyser”, “Mirvari store”, “Parking App” və digər layihələr haqqında təqdimatlar edilib.

Sonda 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti