Bakı. Trend:
Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi sahəsində törəmə müəssisəsi olan PROKON, SOCAR karbamid zavodunda aparılan tikinti işlərini yekunlaşdırıb və hazırda zavodda son buraxılış-sazlama işləri həyata keçirilir.
Şirkətdən Trend-ə verilən məlumata görə, PROKON mühüm əhəmiyyət kəsb edən SOCAR karbamid zavodunun tikinti layihəsi çərçivəsində layihənin baş podratçısı Samsung Engineering Co., Ltd. ilə əməkdaşlıq edərək tikinti işləri üzrə əsas podratçı qismində çıxış edib. Bakıdan 35 km şimalda yerləşən zavod, vahid kompleks olaraq zəngin təbii qaz ehtiyatlarını xammal kimi istifadə edərək gündəlik 1,200 metrik ton ammiak və 2,000 metrik ton karbamid istehsalı üçün nəzərdə tutulub.
Zavodda ammiak istehsalı qurğuları, karbamid istehsalı qurğuları və karbamid üçün daşınma qurğularının tikintisi və quraşdırılması tamamlanıb, zavodun istismara verilməsi üçün buraxılış-sazlama işləri davam etdirilir. PROKON bu layihə çərçivəsində aşağıdakı işləri həyata keçirmişdir: torpağın qazılaraq çıxarılması (120,380 m3), torpağın təkrar doldurulması (55,800 m3), beton işləri (51,500 m3), tikinti (7,587 m2), boruların istehsalı və montajı işləri (371,410 WDI), çənlərin quraşdırılması (ümumi tutumu 31,130 m3 olan 16 çən), metal-polad konstruksiyaların montajı (7,560 ton), elektrik kabellərin çəkilişi (591,328 m), nəzarət-ölçü cihazları üçün kabellərin çəkilişi (446,613 m), boya işləri (125,000 m2) və bütün digər müvafiq işlər.
Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilib.
PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil şəffaf maliyyə fəaliyyətinə görə Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb.