Bakı. Trend:
Türkiyə Azərbaycanla Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq yolunda təcrübəsini bölüşməyə hazırdır.
Trend xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.
"Azərbaycanla Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşdırdığımız konstruktiv əməkdaşlıqdan razıyıq. Həmçinin Azərbaycanla ÜTT-yə qoşulmaq yolunda təcrübəmizi bölüşməyə hazırıq", - o deyib.
Türkiyəli nazirin sözlərinə görə, ölkələr arasında preferensial ticarət barədə saziş ticarət dövriyyəsinin həcmi üzrə məqsədlərin maksimum qısa müddətdə əldə olunması baxımından mühüm rol oynayır.
"Preferensial ticarət barədə sazişin genişləndirilməsi üzrə Əlavə protokolun təsdiqlənməsinin daxili proseslərini maksimum qısa müddətdə bitirəcəyik", - nazir deyib.
Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.
Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.
Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.
Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)