Bakı. Trend:
Bakıda "Kiçik və Orta Biznes üçün İmkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda Azərbaycan Ticarət Forumu keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev, tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanın mühüm tranzit qovşağı kimi mövqeyini möhkəmləndirdiyini bildirib.
"Bizim prioritet istiqamətlərimizdən biri gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılmasıdır ki, bu da xərcləri azaltmağa və proseslərin operativliyini artırmağa imkan tanıyır. Biz innovativ həlləri və müasir risk idarəetmə metodlarını tətbiq edirik ki, bu da artıq gömrük prosedurlarının böyük hissəsinin avtomatlaşdırılmasına imkan yaradıb", - B.Quliyev qeyd edib.
O, əsas layihələrdən biri kimi yeni elektron xidmətlərin tətbiqini, rəqəmsal infrastrukturun inkişafını vurğulayıb və bunun sayəsində Azərbaycanın gömrük nəzarət sisteminin ən qabaqcıl, istifadəçilər üçün rahat sistemlərdən birinə çevrildiyini bildirib.
"Bizim təşəbbüslər çərçivəsində ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilir. Tranzit prosedurlarının elektronlaşdırılması və beynəlxalq sistemlərdə iştirak Azərbaycanın regional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərini gücləndirir", - o deyib.
B.Quliyev, həmçinin, əlavə edib ki, Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması üçün müvafiq layihələr yaradılıb.
"Gömrük nəzarətinin və qeydiyyat prosedurlarının tam avtomatlaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq, gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intellekt əsasında layihələrin tətbiqi prioritet istiqamətlərdən biridir. İxracın təşviqi çərçivəsində, qeyri-neft ixracını stimullaşdırmaq və ölkənin iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məqsədilə mühüm istiqamətlər üzrə layihələr həyata keçirilir. Bu barədə məlumatlar yaxın vaxtlarda təqdim olunacaq", - o qeyd edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidentin köməkçisi Ziya Hacılının qeyd etdiyi kimi, bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər öz həllini tapır. Hazırda bizim strukturumuz Azərbaycan Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür. Əminik ki, qarşıdan gələn Gömrük Forumu dialoq üçün mühüm platforma olacaq və əhəmiyyətli nəticələr verəcək", - Z.Hacılı qeyd edib.
Öz növbəsində Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri, "Hellmann Worldwide Logistics" MMC-nin direktoru Kamran Həbibov bildirib ki, Azərbaycandan keçən tranzit həcmlərinin daim artdığını müşahidə edirik.
"Lakin, mənim fikrimcə, indi növbəti addım atmağın vaxtıdır. Biz Azərbaycanı regional ticarət mərkəzinə çevirməliyik. Bu, burada regional anbarlar və paylama mərkəzləri təşkil etmək istəyən qlobal istehsalçıların cəlb edilməsi üçün şərait yaratmağı tələb edir. Buradan mallar yalnız Cənubi Qafqaz ölkələrinə deyil, həm də Mərkəzi Asiya dövlətlərinə yayıla bilər. Ümumilikdə, beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır", - o qeyd edib.
Bu Forumun növbəti illərdə də təşkil olunacağı gözlənilir.