Bakı. Trend:
Beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri, "Hellmann Worldwide Logistics" MMC-nin direktoru Kamran Həbibov "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
K.Həbibov, ölkənin logistika sektorunun daha da inkişafının əhəmiyyətini vurğulayıb.
"Azərbaycandan keçən tranzit həcmlərinin daim artdığını müşahidə edirik. Lakin, mənim fikrimcə, indi növbəti addım atmağın vaxtıdır. Biz Azərbaycanı regional ticarət mərkəzinə çevirməliyik. Bu, burada regional anbarlar və paylama mərkəzləri təşkil etmək istəyən qlobal istehsalçıların cəlb edilməsi üçün şərait yaratmağı tələb edir. Buradan mallar yalnız Cənubi Qafqaz ölkələrinə deyil, həm də Mərkəzi Asiya dövlətlərinə yayıla bilər. Ümumilikdə, beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır", - o qeyd edib.
Onun sözlərinə görə, belə tədbirlər ticarət və logistika daxil olmaqla, bütün iqtisadi sektorların inkişafı üçün stimullaşdırıcı rol daşıyacaq.
K.Həbibov, həmçinin, bu sahədə investisiyaların cəlb olunmasına kömək edəcək xüsusi investisiya proqramlarının hazırlanmasının zəruriliyini vurğulayıb. O, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən istehsala dəstək üzrə proqramları nümunə olaraq göstərib.
"Logistika bazarının iştirakçıları, o cümlədən nəqliyyat vasitələrinin və anbar komplekslərinin sahibləri üçün investisiya stimulları yaratmaq da vacibdir. Bu, xərcləri yüksək olan rəqəmsal həlləri tətbiq etmədə çətinliklərlə üzləşən Kiçik və Orta Biznes (KOB) üçün xüsusilə önəmlidir. Biz onların dəstəklənməsi və stimullaşdırılması üçün geniş proqramların hazırlanmasını nəzərdən keçirməliyik", - Assosiasiyanın sədri əlavə edib.