Bakı. Trend:
Azərbaycanın rəqəmsal inkişaf strategiyası 51 əsas təşəbbüsü əhatə edəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
O qeyd edib ki, rəqəmsal iqtisadiyyat innovasiyaların stimullaşdırılmasında əsas rol oynayır, yeni ideyalar, texnologiyalar və biznes modelləri üçün platforma yaradır.
“2025-ci ildə Azərbaycan insan kapitalının inkişafı, innovasiyaların təşviqi və ağıllı yanaşmaların tətbiqi kimi əsas sahələrdə 51 əsas təşəbbüsü əhatə edən hərtərəfli rəqəmsal iqtisadiyyat inkişaf strategiyasını işə salmağı planlaşdırır. Bu strategiyanın həyata keçirilməsi çərçivəsində rəqəmsal iqtisadiyyat və ekosistemin davamlı inkişafını qiymətləndirmək və təmin etmək üçün araşdırmalar və təhlillər aparılacaq ki, bu da Azərbaycanın prioritetidir”, - Rauf Nəcəfli qeyd edib.
O vurğulayıb ki, ölkənin əlverişli coğrafi mövqeyi və insan potensialı bu sahədə dövlət proqramlarının həyata keçirilməsi üçün lazım olan şəraiti yaradacaq.
“Rəqəmsal iqtisadiyyat strategiyası Azərbaycanın bu sahədə aparıcı mövqeləri tutmasına imkan verəcək, davamlı və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşmasına yönələcək. Strategiya rəqəmsal iqtisadiyyatın ölçülməsi və inkişafına kompleks yanaşmanı nəzərdə tutur, çünki bu sahədə koordinasiya həlledici əhəmiyyət kəsb edir”, - o əlavə edib.
Onun sözlərinə görə, sənəd rəqəmsal iqtisadiyyatın bütün komponentlərinin, o cümlədən rəqəmsal infrastruktur və xidmətlərin, müvafiq sahədə qanunvericiliyin, maliyyə resurslarına çıxışın və rəqəmsal bacarıqların inkişafı istiqamətlərini müəyyən edəcək.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.