...

BakuTel-2005 sərgisində dünyanın 20 ölkəsindən 100 şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2005 14:12 (UTC +04:00)

Oktyabrın 26-dan 29-na kimi Heydər Əliyev adına idman-sərgi kompleksində keçiriləcək BakuTel-2005 XI beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində dünyanın 20 ölkəsindən 100 şirkət iştirak edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 25-də Iteca Caspian şirkətinin sərginin açılışına həsr olunmuş mətbuat konfransında bildirilib.

Tədbirdə Azərbaycanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov, BakuTel layihəsinin meneceri Bəhruz Hidayətzadə və başqaları iştirak ediblər.

Mehman Əhmədov qeyd edib ki, cari ildə sərginin 40%-ni yeni şirkətlər təşkil edir. Sərgidə telekommunikasiya və şəbəkələr, İT və ofis texnologiyaları, peyk rabitəsi, simsiz texnologiyalar, proqram təminatı, avtomatlaşdırma sistemləri nümayiş etdiriləcək.

Sərgi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə oktyabrın 27-dən 28-nə kimi ilk Xəzər beynəlxalq konfransı keçiriləcək. 300-dən artıq nümayəndənin iştirak edəcəyi konfransda aktual məsələlər, o cümlədən elektron hökumət, Azərbaycanda informasiyalı cəmiyyətin qurulması perspektivləri müzakirə olunacaq. Konfrans Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən açılacaq və burada 50-yə yaxın təqdimat olacaq.

Xəbər lenti

Xəbər lenti