Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət xeyli sabitləşib. Trend in xəbər verdyi kimi bu barədə "Quş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Artıq ev quşları arasında xəstəlik halları müşahidə edilmir. Quş qripi xəstəliyinə şübhəli bilinən şəxslər yoxdur.
Bununla yanaşı, sərhədlərdə, beynəlxalq keçid məntəqələrində, çöl quşları müşahidə olunan ərazilərdə əvvəlki qaydada dezinfeksiya, digər mübarizə tədbirləri, ciddi iş rejimi davam etdirilir. Ölkəmizin ərazisində çöl quşlarının ovlanması, satılması, onlardan istifadə, küçə və bazarlarda diri quşların satılması qadağandır. Quşlar arasında növbəti monitorinqlərin aparılmasına başlanılıb.
Dövlət Komissiyası bir daha əhalinin nəzərinə çatdırır ki, köçəri və ölmüş quşların cəmdəyi ilə təmasdan çəkinməli, ev quşları qapalı şəraitdə saxlanmalı, gigiyena-sanitariya qaydalarının tələblərinə tam əməl edilməlidir.
Qapalı rejimdə fəaliyyət göstərən quşçuluq müəssisələrinin məhsullarının respublikanın şəhərlərində satış-yarmarkaları davam etdirilir. Bu müəssisələrin məhsulları istifadə üçün yararlıdır.