İyunun 16-da Vergilər Nazirliyində "Azərbaycan Respublikası Hökuməti və Lüksemburq Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiya imzalayıb. Trend agentliyinin məlumatına əsasən, konvensiyaya Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Lüksemburq tərəfindən isə iqtisadiyyat və xarici ticarət naziri Jano Krekke imza atıb.
İmzalanmış saziş iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində prioritet sənədlərdən biri olmaqla yanaşı, investorlar üçün səmərəli vergi mühiti yaratmağa, investisiya mühitinin cəlbediciliyinin artırılmasına xidmət edir. Bu sənəd perspektivdə Lüksemburq Krallığının sərmayəçilərinin ölkəmizə investisiya yatırmasını stimullaşdıracaq, ikitərəfli əlaqələrin daha da inkişaf etməsini təmin edəcək.
Azərbaycanla Lüksemburq Krallığı arasında xarici ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. Hazırda ölkəmizdə Lüksemburq Krallığının hava nəqliyyatı vasitəsilə yüklərin daşınmasını həyata keçirən "Cargoluks Airlines International" şirkətinin filialı fəaliyyət göstərir.
Bu konvensiya Azərbaycanın xarici ölkələrlə imzaladığı 26-cı belə sazişdir. Hazırda Azərbaycan Respublikasının 19 dövlətlə "Gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" ikitərəfli sazişi qüvvədədir. Bu dövlətlərin sırasına Avstriya, Almaniya, Böyük Britaniya, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Fransa, Kanada, Çin, Latviya, MDB dövlətlərindən isə Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistan daxildir.
Hazırda Azərbaycanın 5 dövlətlə - Belçika, İtaliya, Finlandiya, Çexiya və Pakistanla müvafiq saziş layihələri imzalanıb və yalnız onların parlamentlər tərəfindən təsdiq olunması qalıb.
Bundan başqa, daha 20-ə yaxın dövlətlə sözügedən sazişlərin imzalanması üçün müvafiq danışıqlar aparılır və onların bəziləri (Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveç, Küveyt, Əmman, Niderland, Serbiya və Çernoqoriya) ilə saziş layihələri ekspertlər səviyyəsində tam razılaşdırılıb və imzalanmaya hazırdır. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, İran, Yunanıstan, Səudiyyə Ərəbistanı və Hindistanla müvafiq saziş layihələrinin razılaşdırılması istiqamətində ikitərəfli danışıqlar davam etdirilir.
Perspektivdə daha bir sıra dövlətlərlə də analoji sazişlərin hazırlanması üçün danışıqlar aparılması nəzərdə tutulur.