Milli Məclisin payız sessiyasında "Dərman vasitələri haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Sosial Siyasət Məsələləri Daimi Komissiyasından bildiriblər.
Komissiyadan verilən məlumata görə, dərman vasitələri ilə bağlı qüvvədə olan qanun günün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanıb. Onu da qeyd edək ki, layihə artıq bir dəfə parlamentdə müzakirə olunub, deputatlar və mütəxəssislər tərəfindən bir sıra irad və təkliflər səslənib.
İşçi qrupu təklifləri nəzərə alıb, sənədə bəzi dəyişikliklər edilib, əlavə bəndlər salınıb. Qeyd olunub ki, komissiya üzvlərinin və Səhiyyə, Ədliyyə və Maliyyə nazirliklərinin əməkdaşlarının iştirakı ilə qanun layihəsinə yenidən baxılıb və tam mükəmməl bir sənəd hazırlanıb. Bu qanun Azərbaycan Respublikasında dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Sonda qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.