...

AYİB Bank Respublika üçün kredit xətti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 17:21 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə maliyyələşdirmə mexanizmi çərçivəsində Bank Respublika üçün kredit xətti açılıb. Trend in AYİB-in məlumatına istinadən xəbər verir ki, maliyyələşdirmənin həcmi 6 mln. ABŞ dolları təşkil edir. Bank Respublika 1992-ci ildə təsis edilib və məcmu aktivlərinin həcminə görə ölkədə fəaliyyət göstərən banklar arasında beşinci yeri tutur.

AYİB-in kredit xətti Bank Respublika-nın maliyyələşdirmə bazasını müxtəlifləşdirməyə, bankın aktivlərinin artırılmasına yardım edəcək, habelə kiçik və orta sahibkarlığa ayrılan kreditlərin artırılmasını stimullaşdıracaq. Birgə maliyyələşdirmə mexanizmi özəl şirkətlərin daha böyük maliyyə ehtiyaclarının ödənilməsi üçün onlara sub-kreditlərin ayrılması üçün istifadə olunacaq.

Bu layihə bank sektorunda maliyyə vasitəçiliyini və rəqabətliyin artımını dəstəkləyəcək.

AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Aygen Yayıkoğlu bildirib ki, bu maliyyələşdirmə Azərbaycanın qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək, həmçinin milli iqtisadiyyatın davamlı inkişafını dəstəkləyəcək və Respublika Bankının portfelinin müxtəlifləşdirilməsinə yardım edəcək.

Bank Respublika-nın Direktorlar Şurasının sədri Xədicə Hüseynova bildirib ki, AYİB-in fəaliyyəti yerli bazara yeniliklərin gətirilməsi baxımından son dərəcə müvəffəqiyyətli olub. Buraya kiçik və orta sahibkarlığın, mikro və kiçik sahibkarlığın inkişafı üçün kreditlərin ayrılması, habelə Ticarətin Asanlaşdırılması Proqramı daxildir. Birgə maliyyələşdirmə mexanizmi də daxil olmaqla, Bankın AYİB ilə iş fəliyyətinin dəyəri 18.7 milyon ABŞ dollarına çatacaq ki, bu da Bank Respublika-nın sürətli inkişafının və AYİB ilə uğurlu əməkdaşlığının müsbət göstəricisidir.

Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 900 milyon ABŞ dollarından artıq 53 investisiya sazişi imzalayıb. Bank öz səylərini güclü maliyyə sektorunun inkişafına, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və özəl qeyri-neft sektorunun inkişafına yönəldib.

Xəbər lenti

Xəbər lenti