...

Deputat Əli Məsimli: "Dövlət büdcəsinə yenidən baxıla bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 19:07 (UTC +04:00)

Enerji daşıyıcılarının qiymətlərinin artırılmasından sonra 2007-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimli bildiriib.

Millət vəkili qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərinin artırılması dövlət büdcəsində dəyişikliklər edilməsini əsaslandırır. "Bu dəyişikiliklərin hökumətin 2006-cı ilin yekunlarına həsr olunmuş hesabatı müzakirə olunan zaman, ya da parlamentin ayrıca iclasında nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirəm", - deyə Əli Məsimli vurğulayıb.

Onun fikrincə, 2006-cı ilin yekunları parlamentdə ciddi şəkildə müzakirə olunmalıdır: "Həm mənfi, həm də müsbət meyllər obyektiv şəkildə təhlil olunmalıdır. 2007-ci ildə qarşıda duran vəzifələr müəyyən edilərkən, 2006-cı ilin yekunları ilə bağlı səsləndirilən fikirlər və təkliflər nəzərə alınmılıdır, cari illə bağlı fəaliyyət planına daxil edilməlidir."

Ə.Məsimli deyib ki, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hər hansı sənəd daxil olsa və ya hansısa müzakirələrə zərurət yaransa, komissiya bunu edəcək.

Deputatın sözlərinə görə, əgər dövlət büdcəsindən maliyyələşən insanların maaşları və müavinətləri artırılarsa, bunun üçün əlavə vəsaitlərin ayrılması problem yaratmayacaq. "Çünki 2007-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman əməkhaqlarının 25 faiz artırılması məsələsi vardı", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti