...

Bakıda dondurma satışına ciddi nazərət olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may/müx.TrendLife Fərid Sadıxov/ Havaların istiləşməsilə əlaqədar paytaxtda səyyar dondurma və su satışı təşkil edən obyektlərin sayı da artmaqdadır.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin şöbə müdiri Əliabbas Bağırovun TrendLife-a verdiyi məlumata görə, bu günədək dondurma və su satışı ilə məşğul olmaq istəyən 200-ə yaxın fiziki və hüquqi şəxs icazə üçün onlara müraciət edib. "Həmin müraciətlərə baxılarkən bir sıra tələblər, o cümlədən köşklərin qoyulacağı yerlər araşdırılıb. Nəticədə 60-a yaxın müraciətə müsbət cavab verilib" - deyə Ə.Bağırov bildirib. Onun sözlərinə görə, Dənizkənarı bulvar, Fəvvarələr meydanı və ümumiyyətlə, paytaxtdakı bütün park və bağlarda səyyar dondurma satışına icazə verilib. Əgər icazəsiz yerlərdə səyyar dondurma və su satışı köşkləri qoyularsa, onda həmin obyektlərin sahibləri inzibati qaydada cəzalandırılacaq.

Ə.Bağırovun sözlərinə görə, departamentin icazə verdiyi obyektlərdə bəzən dondurma və sərinləşdirici içkilərdən əlavə siqaret satışı da təşkil edilir: "Bizim əməkdaşlar bu məsələyə ciddi nəzarət edəcək və mütamadi reydlər keçirəcəklər. Həmin obyektlər siqaret sata bilməzlər".

Bundan başqa dondurma satanlara bildirilib ki, Milli Parkda, Fəvvarələr meydanında və gediş-gəliş gur olan digər yerlərdə əhalinin hərəkətinə mane olmasınlar.

Dondurmaların "təhlükəli qida"lar siyahısına daxil olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onun keyfiyyəti, saxlanma şəraiti, istifdə müddəti, hazırlanma qaydasına nəzarətin gücləndirilməsini təklif edib. Onun sözlərinə görə, hazırda satışda olan dondurmaların keyfiyyəti barədə birmənalı fikir söyləmək çətindir. E.Hüseynov bildirib ki, dondurmalar istehsal tarixindən sonra maksimum 5 gün saxlanıla bilər. Sözügedən qidaların keyfiyyətinə toxunan E.Hüseynov Bakıdakı bəzi istehsal sexlərində onların tərkibinə kərə yağı əvəzinə marqarin və bitki yağlarının qatıldığını qeyd edib: "Dondurmaların üzərinə onu istehsal edən firmanın adı, ünvanı və telefon nömrəsi, mal nişanı, buraxılma tarixi, istifadə müddəti kimi vacib məlumatlar yazılmalıdır".

Qeyd edək ki, hazırda ölkəmizdə dondurma istehsalı ilə bir neçə iri şirkət və çoxlu sayda kiçik sexlər məşğuldur. Bundan əlavə Türkiyə, Rusiya və digər ölkələrdən də respublikamıza müxtəlif çeşiddə dondurma idxal olunur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə fəaliyyətinə icazə verilən obyektlərdən sanitar-gigiyenik qaydalara əməl etməyi tələb edib. Mərkəz yaxın günlərdə dondurma və sərinləşdirici içkilər satan obyektlərdə yoxlamalar aparmaq niyyətindədir. Qurumun şöbə müdiri Ziyədin Kazımovun sözlərinə görə, yoxlamalar zamanı satılan məhsulların tərkibi və keyfiyyəti, qablaşdırma və saxlanma qaydaları, sanitariya vəziyyəti, satıcıların tibbi müayinədən keçib-keçmədiyi araşdırılacaq.

Yadda saxlamaq lazımdır ki, keyfiyyətsiz dondurmalar yeyilərkən boğaz ağrıyır, göynəyir və ya şişir. Halbuki dondurma ağızda qaymaq dadı verməlidir. Bundan başqa pis dondurmalar zəhərlənməyə, qarın ağrısına da səbəb olur.

Mütəxəssislərin fikrincə, hər bir adam həftədə iki dəfədən artıq dondurma yeməməlidir.

Xəbər lenti

Xəbər lenti